Azərbaycan klubunda ikinci istefanın İÇ SƏBƏBLƏRİ

17 Sentyabr 2019 11:33 Sabah 617
Azərbaycan klubunda ikinci istefanın İÇ SƏBƏBLƏRİ

Çoxdan gözlənilən istefa dünən rəsmiyyət qazandı. "Sabah" bir daha sabahını Elşad Əhmədovla açmayacaq. Premyer Liqada debütünü sözügedən baş məşqçi ilə edən klub ötən mövsüm minimum vəzifənin öhdəsindən gəlsə də, cari futbol ilinə uğursuz başlanğıc rəhbərliyin səbr kasasını daşırdı.

Hər halda 4 turdan sonra komandanın 2 xalla turnir cədvəlinin "zirzəmisi"nə yuvarlanmasına sakit və tamaşaçı qala bilməzdilər. Bir tədbir alınmalı, uğursuz gedişata "dur" demək lazım idi. Onlar da çıxış yolunu Əhmədovu sükan arxasından alıb, nəzakət xatirinə prezidentə müşavir təyin etməkdə gördülər.

Hələ mövsümöncəsi proqnozlarda Əhmədovun adı istefaya göndərilməyə namizədlərin ilk "üçlüy"ündə yer alırdı. Hərçənd, özü qətiyyən bu barədə düşünmür, Türkiyə toplanışı zamanı klubun mətbuat xidmətinə verdiyi video-müsahibədə təmkinli duruşu və iddialı açıqlamalarıyla sanki vəzifədən alınmasını gözləyənlərə acıq verirdi. Ona bu şəraiti yaratmışdılar: büdcə artmış, səviyyəli yerli və əcnəbi futbolçuların transferlərinə icazə almış, əlinin üstünə əl qoyulmamışdı. Hər hansı istəyinin qarşılığında "yox" cavabı eşitməyən Elşad bəy başa düşürdü ki, bu, bəlkə bir də önünə çıxmayacaq fürsətdi və onu da dəyərləndirməlidir.

İstəmədimi, istədi. Ürəyindən keçmirdimi, keçirdi. Di gəl, xasiyyətindəki ağırlıq Əhmədovun uzun yolunu qısaltdı, Premyer Liqa təcrübəsinin azlığı kənardan gen görünən texniki zonanı ona dar etdi.

"Sabah" geridə qalan 4 turda sabit heyətlə çıxış eləməyib. Baş məşqçi daim axtarışda olub, rotasiyaya əl atıb. Bu da Əhmədovun futbolçularla bağlı gümanlarının qarışıq olmasının, hələ də özü üçün bir çox şeyi müəyyənləşdirə bilməməsinin əlamətidir. O, ilk ilində gənclərə üstünlük verdi, bir neçəsini davamlı oynatdı. Kimisinə çox, kimisinə az şans tanıyaraq.

Bu, əslində, yaş limiti baxımından yeni mövsümə hazırlıq məqsədi daşımalıydı, fəqət Əhmədov indi onlardan istifadə etməməklə, həm vaxtı itirmiş oldu, həm də özünü. O, gənclərlə çalışsa, daha uğurlu olar. Hər halda bir müddət "Neftçi"də bığ yeri yenicə tərləyən futbolçularla işləyib və müəyyən nəticələr əldə edib. Əhmədovun nisbətən yaşlı, özündən söz etdirdiyini düşünən, futbolu barədə yüksək fikirdə olan və özəl münasibət görməyə alışmış futbolçularla dil tapmaq problemi var. Ruslan Abışovun gəlişi ilə bu sorunu çözmək, hətta kapitan sarğısını Cavid İmamverdiyevdən alıb ona vermək də komandanın "ip"ini əlinə yığmasına kömək olmadı. Baxmayaraq ki, kollektivin içinə "virus" kimi düşmüş Marko Deviç artıq yola salınmışdı, o, yenə də təşəbbüsü ələ almağı bacarmadı.Gənclərlə yaşlılara eyni nəzərlərlə yanaşmaq və yaxınlaşmaq 49 yaşlı mütəxəssisin növbəti səhvi idi, bunu düzəltməli idi, ancaq görünür, heç cəhd də etmədi.

Honduras millisinin hücumçusu Rocer Roxas "Sabah"a az pula gəlməyib. Bir müddət əvvələdək onu 250-300 min dollardan aşağı qiymətə transfer etmək qeyri-mümkün idi. ”Alaxuelense”də problemlə üzləşməsəydi, inanmıram ki, məbləğ məsələsində "Sabah"a güzəştə gedərdi. Kosta-Rika çempionatının bombardirini sərəncamında görən Əhmədov "bizə qol vuran lazımdır" deməməliydi. Roxas varıydı, gəlmişdi, sadəcə, onu düzgün oynatmaq, arxasına "kotan" qoşmaq lazımıydı. Onlar da varıydı. İki Diallo – biri Ulise, biri Amadu. Ağır zədə üzündən ötən mövsüm "Neftçi"də demək olar, meydana çıxmayan Ruslan Abışovun keçidinə "okey" vermişdisə, yanına çevik və sürətli bir legioner almalıydı.

Əhmədovun vaxtındakı "Sabah" incələnməsi ən asan komandaydı. Orta sahədə Coşqun Diniyevi görən istənilən həmkarı rahat nəfəs alırdı. Diniyevi "bağlamaq" yetərli idi ki, "Sabah"ın oyun nizamını pozasan. Yarımmüdafiədə yaradıcı fiqur gərəkirdi, ciddiyə almadı. Deyim ki, Elşad bəyin B və C variantlarına hazırlıq görməmişdi, futbolçu seçimi normal olsa da, yanlış mövqelərə transferlər etdirmişdi.

Əhmədov iddialı komandanı çalışdırmağın ağırlığını qaldırmağa psixoloji cəhətdən hazır olmadı. Nəzəri bilik sarıdan, ola bilsin, onda hər şey yerində və qaydasında idi, lakin yenə qayıdıram praktiki fəaliyyətə - o, sözlü iddiasını əməl dəftərinə köçürmək təcrübəsizliyinin badına getdi.

İlkin Vaqifoğlu

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti