"Sabah"ı qeybə aparan çempionluq nəğmələri - Bəlkə tələsmişik?

16 Dekabr 2022 23:00 Sabah 569
"Sabah"ı qeybə aparan çempionluq nəğmələri - Bəlkə tələsmişik?

"Sabah" özünə bənzəmir.

Bu, nə bir oyunluq belədir, nə də iki.

"Qarabağ"la bərabər bitən (0:0) matçdan sonra Masazır təmsilçisini tanımaq olmur. Futbolçular eyforiyaya qapılıblar. Özlərini göyün 7-ci qatında hiss edirlər.

Nədi-nədi şənlərinə bir az xoş nəğmələr oxundu. Hələ bir az da qabağa gedib, "Köhlən atlar"la müqayisə etdik. Sonu da belə.

Deyəsən, bir az tələsmişik. Bəlkə də çox...

Hər halda işin istiqamət aldığı axar belə düşünməyə ciddi əsas verir.

Son 4 oyunda haqqında təriflər yağdırdığımız "Sabah" qeybə çəkilib. Görə bilmirik.

Tovuzda böyük çətinliklə 3 xal əldə olundusa, "Kəpəz" və "Şamaxı" kimi autsayderlərlə oyunda vacib xallar itirildi. Bu da son deyil. Murad Musayevin yetirmələri bu iki oyunun arasında bir də "Səbail"dən məğlubiyyət alıb.Söhbət ölkə kubokunun yarımfinal mərhələsinin ilk matçından gedir.

Mövsümün arxada qalan dönəmində belə uğursuzluq ilk dəfə yaşanır. Məncə, bu, qarşıdan gələn fasilə öncəsi istirahət havası yox, çempionluq nəğmələrinin həzin yuxusudur.

İndi gec olmadan komandanı həmin yuxudan ayıltmaq lazımdır. Ki, çin olmadı həmin arzu. Ey futbolçular, ayılın, agah olun qara xəbərdən. İndi liderlə arada 7 xallıq fərq, iki qat oyun geriləməsi var. Hələ bu harasıdır, hazırkı gedişat gümüşün də əldən çıxmasına doğru gedir. Yeganə təsəlli fasilənin yaranmasıdır. Bu da yenidən toparlanmağa səbəb ola bilər.

Amma fasiləyə kimi iki önəmli matç var. Ölkə kubokunda "Səbail"ə məğlubiyyətin (2:3) əvəzin cavab matçında çıxmaq mütləqdir. Çünki əks halda bir cəbhədə mübarizə bitmiş olacaq.

Qışa kimi çempionatdakı son oyun da asan keçməyəcək. Hazırda yaxşı formada olan "Sumqayıt"la qarşılaşmada qəza ehtimalı yüksəkdir. Qış toplanışına mənfi ab-havada getmək yerinə düşməz. Bunun acısı bütün hazırlıq dönəmini öz aurasına alacaq. Davamı fasilədən sonraya belə sirayət edə bilər.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti