"Sabah"ın bu mövsüm yaxşı çıxışında payı olan simalardan biri də Yusif İmanovdur.
Qapıçı Premyer Liqanın arxada qalan 16 turunun hamısını meydanda olub.
O, bu müddətdə öz qapısında 11 qol görüb. Bu göstəricidə "Sabah" yalnız "Qarabağ"dan geri qalır. Ağdamlıların aktivində 8 buraxılan qol var.
Amma parlaq çıxışa rəğmən, 20 yaşlı qapıçının "bir nömrə" olması bir neçə dəfə baş məşqçi Murad Musayevə irad kimi bildirilib. Bəzən tələb də olunub ki, "Niyə Nicat yox, Yusif?".
Açığı, Musayev ilk başdan bu məsələdə tam haqqlıdır. Çünki heç bir komanda gündə bir qapıçı ilə meydana çıxmır.
Hər birində "bir nömrə" statusun daşıyan biri var. "Sabah"da da bu, Yusifdir. Statistika da, nəticələr də arxada qalan 16 turda rusiyalı çalışdırıcının düz yolda olduğunu göstərir.
Bunun əyani təsdiqini isə Bayılda yaşadıq.
"Səbail"lə ölkə kubokunun 1/4 final mərhələsinin ilk matçında çərçivə Nicat Mehbalıyevə tapşırılmışdı. Tənqidlərdən, təzyiqlərdən, suallardan və ya kubok yarışı olduğu üçün belə addım atılmışdı, ya yox deyə bilmərəm. Lakin dəqiq olan odur ki, Musayevin qapçı seçimində yanılmadığını təsdiqləməyə cəmi 12 dəqiqə bəs etdi.
Belə ki, məhz qarşılaşmanın 12-ci dəqiqəsində 22 yaşlı qapıçı adi vəziyyətdə səhvə yol verincə aldğı qırmızı vərəqə ilə meydandan qovuldu.
Qarşılaşmadan sonra mətbuta konfransında qapıçı dəyişikliyi ilə bağlı suala isə Murad Musayev bu sözlərlə cavab verib: "Buradakı jurnalist iki dəfə məndən soruşmuşdu ki, Nicat haradadır?".
Görünür, o da başverənləri unutmayıb. Onun sual formasında verdiyi cavabda gizlənən həqiqət isə yəqin ki, budur - Bu da sizin Nicat!.
XANOĞLAN İMANOV

