Musayev bu dərdə dərman tapmasa... “Sabah”ın ƏSAS PROBLEMİ

12 Dekabr 2022 19:40 Sabah 836
Musayev bu dərdə dərman tapmasa... “Sabah”ın ƏSAS PROBLEMİ

“Sabah” sərgilədiyi möhtəşəm futbol və qazandığı nəticələrlə ölkə futbolsevərlərinin rəğbətini qazanmaqdadır.

Təkcə bir fakta diqqət yetirməklə komandanın hazırkı gücünün nəyə qadir olduğunu görə bilirik.

Murad Musayevin çalışdırdığı kollektiv çempionluq yolundakı əsas rəqiblərindən olan “Neftçi”ni hər 2 matçda məğlub edib, son çempion “Qarabağ”la qolsuz bərabərə qalıb, nəfəsləri kəsən digər qarşılaşmada 3:4 hesabı ilə uduzub.

Yan xətt hakiminin kobud səhvi olmasaydı, bəlkə də məğlub olmayacaqdı.

Rusiyalı mütəxəssisin istər seleksiya işində, istərsə də taktiki çalışmalarda çəkdiyi əziyyət bəhrəsini verməkdədir. Yer öz oxu ətrafından çıxmasa, “Sabah” bu gedişlə mövsümü azı 2-ci pillədə başa vuracaq.

Lakin son vaxtlar “tələbələr”ə sanki nəsə olub. Son 3 oyuna diqqət yetirməli olsaq, Masazır təmsilçisi “Turan Tovuz”u səfərdə son dəqiqə qolu ilə məğlub edib, doğma meydanda “Şamaxı” ilə heç-heçə oynayıb (1:1) və ölkə kubokunda “Səbail”ə boyun əyib – 2:3.

İndi hər kəsi maraqlandıran sual komandada nələrin baş verməsidir.

Qeyri-adi heç nə yaşanmır. “Sabah” hər oyunda meydanda dominantlıq edir, çoxsaylı qol imkanları yaxalayır, lakin ya istədiyi nəticəni əldə edə bilmir, ya da çətinliklə əldə edir. Yeganə səbəb futbolçuların arxayınlaşması, qış fasiləsi öncəsi “göylərdə uçmasıdır”.

“Tələbələr” son 2 qarşılaşmanı 10 nəfərlə başa vurub. Birində Kristian Sebalyos gərəksiz vəziyyətdə Kamran Quliyevi vurub yerə sərib, ikincidə müdafiəçilərin kobud səhvinin ucbatından qapısını qoyub irəli çıxan Nicat Mehbalıyev “yanıb”. Biri “mənəm-mənəm”lik, digəri arxayınlıq.

Mövsümü medalla başa vurmağı hədəfləyən futbolçularda arxayınlıq aşkar hiss olunur. Xüsusən “Qarabağ”la 0:0-dan sonra, bu, özünü qabarıq formada göstərməkdədir.

Birinci Divizionda gün keçirən “Qaradağ Lökbatan”ın qapısından keçirilən 5 topu saymasaq, son 3 dueldə yalnız 1 qalibiyyət əldə olunub, o da güc-bəla idi.

Müdafiədə yer alanların arxayınlığı və ləngliyi komandanı uçuruma aparır. Hücuma meyilli futbolçuların qeyri-dəqiqliyi digərlərinə da mənfi təsir edir. Bəzi oyunçular isə artıq indidən avrokuboklara vəsiqəni təmin etmiş kimi rahat görünür.

Murad Musayev o biri üzünü göstərib komandanı “silkələməsə”, “Sabah” üçün çox çətin olacaq. Komandanı çempionatda çətin Gəncə və Sumqayıt səfərləri gözləyir.

Üstəlik, ölkə kubokunda “Səbail”ə yenilginin əvəzini çıxmaq lazımdır. Bunun üçüncə ilk növbədə göydən yerə enmək gərəkir.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti