"Qəhrəmanlıq barədə heç nə deyə bilmərəm.
Əgər oyun epizodunda qırmızı vərəqə alsaydı, nəsə demək olardı.
Nizam-intizamı pozub belə qırmızı vərəqə görürsənsə, qəhrəmanlıqdan söhbət gedə bilməz. Çünki, ona görə bu gün 2 xal itirdik".
Kristian Sebalyos barədə olan bu fikirləri Premyer Liqanın 16-cı turunun "Şamaxı" ilə bərabərə (1:1) başa çatan oyunundan sonra "Sabah"ın çalışdırıcısı Murad Musayev dilə gətirmişdi.
Səbəb 2-ci dəqiqədə komandasını önə çıxaran ispaniyalının cəmi 22 dəqiqə sonra rəqib futbolçunu vurduğu üçün qırmızı vərəqə alaraq meydandan qovulmasıydı.
Yekunda Masazır təmsilçisinin xal itrməsi haqqlı olaraq rusiyalı mütəxəssisin əcnəbi futbolçusuna qarşı elə mətbuat önündə sərt təpki göstərməsi ilə nəticələnmişdi. Hər halda, ispaniyalıdan incimək üçün yetərli səbəb vardı.
Bəs legioner futbolçu məşqçisindən buna görə incidimi? Qəti!
Əksinə, başverənlər sabiq "Barselona"liya yaxşıca dərs olub.
Belə ki, o, cəmi 6 gün sonra bayılda qəhrəman rolunda ola bildi.
Ölkə kubokunun 1/4 final mərhələsinin ilk matçında "Səbail"ə darmadağın olmaqdan komandanı məhz 30 yaşlı yarımmüdafiəçi xilas etdi.
70-ci dəqiqədə oyuna girən futbolçu yaxşı performans sərgiləməyi bacardı. Öncə 10 dəqiqə sonra qollardan birinin əvəzini çıxdı. Son dəqiqələrdə isə onun ötürməsindən sonra David Volkov fərqi minimuma endirdi.
Bu nəticə cavab görüşü öncəsi "tələbələr"in itən şanslarını böyük ölçüdə geri qaytarmış oldu. Əks halda, cütün taleyi elə ilk oyundaca həll oluna bilərdi.
Cavab oyununda mərhələ keçilsə, birmənalı olaraq Murad Musayev ilk öncə Sebalyosa təşəkkür etməli olacaq. "Şamaxı" ilə oyundan sonda yetirməsinə qəhrəman deməyə dili gəlməyən rusiyalı çalışdırıcı, yəqin ki, "Səbail"lə oyundan sonra bu sözü də ondan əsirgəməməlidir. Axı yetirməsi əla oyunu, vacib qolu və asisti ilə onun könlünü xoş edə bildi.
XANOĞLAN İMANOV

