Futbolçularına bir balaca göz ağartması kifayətdir ki…

10 Dekabr 2022 16:00 Sabah 721
Futbolçularına bir balaca göz ağartması kifayətdir ki…

«Sabah» əsas gücünü Premyer Liqaya verib.

Murad Musayev üçün bir nömrəli iş bu kluba medal qazandırmaq, çempionat yoluyla avrokuboklara vəsiqə qazandırmaqdır.

Rusiyalı baş məşqçiyə Premyer Liqaya daha cəlbedici və maraqlı gəlir.

Əgər Musayev «kubok kanalı»yla qitə arenasına çıxmaq həvəsində olsaydı, sizi əmin edirəm ki, «Sabah» Bayılda mövsümün ən zəif 95 dəqiqəsini keçirməzdi.

Etibarlı müdafiə xəttiylə Premyer Liqanın ən güclü iki komandasından biri səviyyəsinə çevrilən «Sabah» burada autsayderlər qrupuna enən «Səbail»dən 3 top buraxmazdı.

Mən Murad Musayevi texniki zonada bunca sakit görməmişdim. Adət etdiyimiz reaksiyaları sərgiləmədi. Ayaqüstə çox dayanmadı, yerinə tez əyləşdi və sükutu pozmadı.

Hər cür ssenariyə hazır olduğu görsəndi. Deyə bilərsiz ki, cari mövsüm ilk dəfə meydançaya çıxan Nicat Mehbalıyev erkən qırmızı vərəqə almasaydı, «Səbail» 3 qol vurmazdı.

Razılaşmıram bu fikirlə.

«Sabah»ın arxa xətti, ümumiyyətlə, belə boşluqlar verməzdi. Ancaq bu dəfə «Səbail»ə o qədər imkan yaratdılar, ev sahibləri hətta dördüncü, beşinci, hətta altıncı qolu vurmağa da yaxın idi.

Rafael Məhərrəmli hesab 3:1 olarkən, cütün taleyini böyük ölçüdə həll edə bilərdi, «halva»nı udmaq ona müəssər olmadı, bundan «Sabah» faydalandı, hesab arasındakı fərqi minimuma endirdi.

Bütün suallara artıq Masazırda aydınlıq gələcək. «Sabah» keçirdiyi ən zəif oyunla belə, intriqanı saxladı.

Murad Musayevin futbolçularına bir balaca göz ağartması kifayətdir ki, yarımfinalın qapıları üzlərinə taybatay açılsın.

ELXAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti