Murad Musayevin aradan qaldıra bilmədiyi problem - NƏDİR O?

10 Dekabr 2022 19:00 Sabah 731
Murad Musayevin aradan qaldıra bilmədiyi problem - NƏDİR O?

“Sabah” mövsümdə ikinci məğlubiyyətini Bayılda yaşadı.

Söhbət ölkə kubokunun ¼ final mərhələsinin ilk görüşündən gedir.

Düzdür, Masazır təmsilçisi qarşılaşmanın 12-ci dəqiqəsindən azlıqda qalmağa məhkum oldu.

Nicat Mehbalıyevin ani diqqətsizliyi erkən qırmızı vərəqə alması ilə nəticələndi. Amma bu da məğlubiyyətə əsas verə bilməz.

Musayevin yetirmələri ilk məğlubiyyət aldıqları (3:4) “Qarabağ”la oyunda da azlıqda qalmışdı. Güclü rəqiblə oyunda say azlığına rəğmən, komanda hesabda önə keçməyi belə bacarmışdı.

Minimum bir xal qazanmağa isə hakimin kobud səhvi mane olmuşdu. Bəs, eyni iradəni “Səbail”lə oyunda niyə görmədik?

Məncə, bunun başlıca səbəbi arxayınçılıqdır. Premyer Liqada ardıcıl 5 oyunda məğlub olan “Səbail” önündə 0:3 geri düşməyə başqa izah tapa bilmirəm.

Yalnız bundan sonra “Tələbələr” ayılmağı bacardılar. Nəticəsi olaraq da qısa müddətdə iki qol vurmaqla darmadağın olmaqdan qurtuldular. Həm də cavab oyunu üçün ölmüş şansları diriltmiş oldular.

Rusiyalı mütəxəssis “Sabah”a gələndən sonra çox şeyi dəyişib. O, qısa müddətdə iddialı kollektiv formalaşdıra bilib. Bu gün onun yetirmələri illərin sisteminə sahib “Qarabağ”a belə badalar vuracaq gücə sahiblənib.

Ancaq autsayderlərlə oyunda ciddiyəti qorumaq, arxayınlıq hissini kənara qoymaq prinsiplərini futbolçularına aşılaya bilməyib.

Mövsümün hələ ilk yarısı başa çatmayıb. Hər iki cəbhədə də yüksək hədəflərə şanslar qalır. Nə qədər gec deyil, Murad Musayev ciddi sayılacaq bu boşluğu aradan qaldırmalıdır.

Əks halda, fəsadları çox olacaq. “Şamaxı”, “Səbail” kimi rəqiblər hələ çox baş ağrıdacaq.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti