“Sabah” Premyer Liqanın 16-ci turunda “Şamaxı”nı qəbul etdi.
Çempionluq iddiasında olan Masazır klubu autsayderlə görüşdə gözlənilmədən 2 xal itirdi.
2-ci dəqiqədə hesabı açan Krisian Sebalyos 25-ci dəqiqədə rəqibə qarşı kobudluğa yol verdi və meydandan qoyuldu.
Qonaqlardan Rlçin Mustafayev 75-ci dəqiqədə eyni aqibətlə üzləşdi, amma bu, onların məğlubiyyətdən qurtulmasına mane olmadı.
Əyalət təmsilçisi Fuad Bayramovun 88-ci dəqiqədə vurduğu qolla bərabərliyi təmin etdi.
“Sabah”ın baş məşqçisi Murad Musayev 1:1 hesabı ilə bitən oyundan sonra Sebalyosu günahlandırdı:
“Demək olar ki, rəqibdən üstün idik. Çox təəssüf ki, qalib gələ bilmədik. Biz tam üstün idik. Günahı özümüzdə də axtarmalıyıq.
İkinci hissə nəzarətimizdə keçdi. Komandaya təşəkkür edirəm. Belə oyunlarda 3 xal qazanmalıyıq.
Oyun epizodunda alınan qırmızı vərəqəyə görə azlıqda qaldıq. Onun ucbatından biz 3 xal itirdik.
Çoxlu qələbələr seriyası qazanandan sonra peşəkarlıq ortaya çıxır. Avrokuboklarda oynamaq istəyiriksə, peşəkar olmalıyıq. Bu oyunda səhvlər etdik”.
Bizdəki informasiyaya görə, rusiyalı çalışdırıcı ispaniyalı yarımmüdafiəçiyə böyük cərimə kəsib. Bu haqda əlavə məlumat almaq üçün klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidovlıa əlaqə saxladıq:
“Klubun daxili İntizam Kodeksi var. Hər hansı futbolçu bu kodeksin qaydalarını pozduqda, onunla bağlı uyğun addım atılır.
Amma bu, klubun daxili məsələsi olduğuna görə ətraflı məlumat verə bilmərəm”.
SPORTİNFO.AZ

