"Qarabağ"a tən gəlmək üçün... “Neftçi” nə istəyir?

16 Noyabr 2022 23:40 Sabah 1 133
"Qarabağ"a tən gəlmək üçün... “Neftçi” nə istəyir?

Futbolda zaman anlaylışı vacib faktordur.

Bir futbolçunun, bir baş məşqçinin bəzən yeni komandasına alışması müəyyən vaxt tələb edir.

Məsələn, "Neftçi" illərdir mətbuatdan, azarkeşlərdən zaman istəyir. İndi Lorentsiu Regekampf üçün istədiyi kimi.

Əzəli rəqib olan "Qarabağ"ın illərə söykənən sistemi hər addımda dilə gətirilir. Bəs layiqli rəqib olmaq, stabil çempionluq mübarizəsi aparmaq üçün zaman lazımdır.

Amma bu heç də hər vaxt belə deyil. Mənə görə isə çox vaxt belə deyil. Kiçik istisnalar xaric, istedadı, bacarığı olan futbolçuya, mütəxəssisə özünü göstərməsi üçün bəzən bir məşq, bir oyun belə yetərlidir.

Məsələn, "Sabah"ın çalışdırıcısı Murad Musayev və gətirdiyi legioner oyunçular kimi. Rusiyalı mütəxəssis "Sabah"ı meydana çıxardığı ilk matç indiki kimi yadımdadır.

Yaxşı formada olan "Zirə"ni doğma meydanda qəbul edən Masazır təmsilçisi ilk hissədən sonra 3:1 öndəydi. Sadəcə ikinci yarı azlıqda qalan "Sabah" sonda bərabərliyə razılaşmalı olmuşdu - 3:3.

Amma ilk 90 dəqiqə də yox, ilk 45 dəqiqə Musayev haqqında müsbət siqnallar almağa yetərli olmuşdu. Sadəcə bir qədər şanssızlıq onu qısa müddətdə komandanı avrokuboklara daşımasına mane olmuşdu.

Amma bu gün həmin siqnalların həzin səsini nəticələrdə də əyani görürük.

39 yaşlı çalışdırıcı arxada qalan bir ildə heç də heyətdə köklü dəyişiklik etməyib. Əksəriyyət onun sələfi Ramin Quliyevdən qalan oyunçulardı.

Az sayda heyətə qatılanlar isə hər biri öz keyfiyyəti ilə faydalı olmağı bacarırlar. Artıq avrokubok zonasına düşmək üçün mübarizə aparan "Sabah" yox, qısa müddətdə "Qarabağ"a tən gələn bir kollektiv görürük.

Deməli, illərdi "Neftçi" rəsmilərinin dediyi zaman lazımdır, amma mütləq deyil. Doğru seçim və inam isə ən vacibidir.

Onda nəticələr yaxşılaşacaq, azarkeşlər tribunalara qayıdacaq, əzəli rəqiblə mübarizə pik həddə çatacaq. Heç gecə-gündüz mətbuata, azarkeşlərə yalan danışmağa da ehtiyac qalmayacaq.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti