“Qarabağ” adı, yoxsa “Sabah” həqiqəti?

19 Noyabr 2022 23:40 Sabah 839
“Qarabağ” adı, yoxsa “Sabah” həqiqəti?

Premyer Liqanın 14-cü turu “Sabah” – “Qarabağ” görüşü ilə yadda qaldı. Qarşılaşmada tərəflər fərqlənə bilməsə də, azarkeşlər kifayət qədər baxımlı oyuna şahidlik etmiş oldular.

Matçdan 3 gün keçsə də hələ oyun ətrafında müzakirələr bitmir. Xüsusi ilə tribunalara 10 min tərəfdarın gəlməsi çox danışılır.

Bu, hər bir futbol adamına xoş olan mənzərədir. Son 5 ildə ilk dəfə Premyer Liqa matçına bu sayda adamın gəlməsinə sevinməmək mümkün deyil.

Amma təəccüblənməmək də olmur. Ki, birdənbirə bu qədər insanın matça gələcəyi ağıla gəlməzdi.

Bəs bu necə baş verdi? Sual ətrafında müxtəlif variantlar var. Biz isə həqiqətin özünü tapmağa çalışacağıq.

Sirr deyil ki, son illər avrokubokalrdakı möhtəşəm nəticələr ölkə çapında bu kluba sevgini birəbeş artırıb.

Hər şəhərdə, hər rayonda klubun çox sayda sevdalısı var. İlk fürsətdə sevimli komandalarını izləmək fürsətini qaçırmırlar.

Bunu son illər “Qarabağ”ın bütün səfər matçlarında hiss edirik.

Ən pis halda belə rəqiblərin “Qarabağ”la oyununa digər matçlarından daha çox azarkeş mütləq gəlir. Həmçinin də Masazırda oxşar proseslər yaşanır.

Amma 10 min tərəfdarın “Bank Respublika Arena”ya cəm olmasını sırf bu məqamla əlaqələndirmək, yumşaq desək, “Sabah”ın haqqını yemək sayılmalıdır.

“Qarabağ” son oyundan əvvəl yox, illərdi Avropada tarix yazır və buna görə də daxili arenada böyük sevgi görür. Amma bu sayda heç vaxt.

Heç uzun illər öncəyə boylanmağa ehtiyac yoxdur. Bu komandaların ötən mövsüm Masazırdakı ilk duelinə 1000, ikinci duelinə isə 2000 tərəfdar gəlib.

Bu mövsüm “Azərsun Arena”da baş tutan ilk dövrənin qarşılaşamsını isə cəmi 1500 azarkeş stadiondan izləməyə qərar verib.

Əgər hər şey “Qarabağ” adı ilə bağlıdırsa, bəs həmin oyunlarda 10 min yox, heç olmasa yarısı sayda azarkeş niyə stadiona gəlməyib? Deməli, burada həqiqətlə bərabər, böyük şişirtmə də var.

Bu şişirtmədə isə gizlə(dil)nən başqa bir həqiqət – “Sabah” həqiqəti var.

Bu il “Sabah”ın bütün ev oyunlarında ötən mövsümə baxanda canlanma hiss olunur. Məsələn, keçən sezon ən yaxşı halda 2000-2500 arası azarkeş arenada yer alırdısa, bu il “Neftçi” ilə qarşılaşmaya 5500 tamaşaçı gəlmişdi.

Əsas səbəb isə komandanın göstərdiyi oyundur. Nəticələr baxımlı futbolla qazanılır.

Murad Musayev əla kollektiv formalaşdırıb. Və bu bütün futbol ictimaiyyətində xoş sözlərə layiq görüldüyü kimi, tədricən də Masazırda xoş qarşılanır.

Hər oyun ajotaj böyüyür, tələblər artır. "Qarabağ" adından daha çox bu məqam matç ətrafında əl ab-havanın yaranmasına zəmin yaratmışdı.

Əminəm ki, artım digər oyunlarda da ötən mövsümlə müqayisədə hiss olunmağa davam edəcək Sadəcə indiki yüksəlişi ən azı elə indiki tempdə saxlamaq mümkün olsa.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
28 Yanvar 13:40 Ramil Şeydayev seçildi
28 Yanvar 11:20 Bir az da güclənin!
28 Yanvar 03:20 "Bir də olmasın" - VİDEO