Hesabat turunda “Sabah”ın Premyer Liqada qələbələri sıralayan “Qarabağ”la heç-heçə etməsi ölkəyə səs saldı.
Bir tərəfdən “Bank Respublika Arena”da cari mövsümdə azarkeş sayı ilə bağlı 10 min nəfərlik rekordun qeydə alınması, digər yanda Murad Musayevin qurduğu komandanın Qurban Qurbanovun güclü kollektivinə müqavimət göstərməsi, qol imkanlarını sağa-sola xərcləməsi.
Məlum qarşılaşmadan sonra sosial şəbəkə platformalarında müxtəlif paylaşımlar edilir, fikirlər səsləndirilir.
“Sabah”ın qurduğu strategiyaya və oynadığı futbola münasibət göstərənlərdən biri də “Neftçi”nin “qızıl” dönəmində klubda 5 il vitse-prezident kimi fəaliyyət göstərmiş Tahir Süleymanov olub.
Tanınmış futbol funksioneri “feysbuk” hesabında “Neftçi”nin idman geyimindəki şəklini paylaşaraq bu sözləri yazıb:
“Təhlil əvəzi...
Sabahını görməyənlərə yaxın-uzaq “Neftçi” baxışı”.
Süleymanov bu sözlərlə ağ-qara rənglərə könül verən futbol aşiqlərinin könlünü oxşayıb. “Neftçi” azarkeşləri həmin paylaşımın şərh bölümündə ürəyini boşaltmağa imkan tapıb ki, diqqətçəkən rəylərin bir neçəsini təqdim edirik:
“Sabahını görməyənlər və dünənini unudanlar”.
“Elələrini sabahını görməmək heç narahat da etmir. Əsas bu gündür”.
“Neftçi”ni bu günə qoymaqla utanırlarmı?”
“Əfsuslar olsun ki, “Neftçi”nin keçmişini yada salan yoxdur. Ona görə ki, əsl “Neftçi”sevərlər kənarda qalıb”.
“Bizim üçün də günəşli sabahlar gələcək. Ələkdən süzülüb gedəcək ağ-qara rənglərin ağırlığını bilməyən təsadüfi insanlar”.
“Təəssüf ki, son 5 ilin azarkeş rekordu “Neftçi”nin iştirakı olmadan qırıldı. Hər il ümidlə “Neftçi”mizin sizin zamanınızdakı uğurlarını gözləyirik, amma ömür bitir, arzularımız ürəyimizdə qalır. Nə isə...”
“Neftçi”ni və “Neftçi”sevərləri bu vəziyyətə salanlar utansınlar. Əgər bu hiss və vicdan varsa onlarda. Sanki “Neftçi”yə düşmən kəsiliblər. Onlar sabahlarını yox, heç dünənlərini görməzdən gələnlərdir. UTANSINLAR!”
“Sizi yenidən doğma komandada görmək istəyirik, Tahir bəy. Bu dələduz rəhbərlik bizi boğaza yığıb”.
“Bu forma sizə yaraşırdı, Kamrangilə yox (“Neftçi”nin hazırkı prezidenti Kamran Quliyev – H.)”.
“Bir çıxış yolu var. Kamran Quliyevin yerinə Tahir Süleymanov, Çingiz Abdullayevin yerinə Sadıq Sadıqov təyin edilsin. 1-2 ildən sonra “Neftçi” çempiondur”.
“Neftçi”nin bugünkü idarəçiləri öz məişət həyatlarını yaxşılaşdırmaq, gələcək maddi sıxıntılarını qarşılamaq üçün “Neftçi”dən maksimum yararlanırlar”.
HƏBİB / SPORTİNFO.AZ

