«Neftçi»nin Sumqayıtda xal itkisinə uğraması çempionluq yolunda rəqabəti bir qədər soyutdu.
Burada mübarizənin artıq «Qarabağ»la «Sabah» arasında gedəcəyi böyük ölçüdə bəllidir.
Murad Musayev sabit nəticələri nəyin hesabına qazanırsa, bunu öyrənməli ilk şəxs onun həmkarı Lorentsiu Regekampfdır.
Musayev komandasından super oyun sərgiləməyi tələb etmir. O, hər dəfə gözəl qollar vurulmasını da istəmir. Musayevin üzərində dayandığı tək şey düzgün və sadə oyun ortaya qoymaqdır.
Rusiyalı məşqçi oyun vaxtı sakit dayanmır. Həm komandasına nəzarət eləyir, həm də hakimlərə.
«Ədalət təmsilçiləri» ədalətdən bir az uzaqlaşan kimi onun texniki zonadan səsi eşidilir. Bəzən sakit, bəzən əsəbi tonda.
Dünən Bayılda keçirilən oyunu canlı izləyənlər bu sözümü təsdiq edə bilər. Musayevin köməkçiləri də aktivdir. Hər epizodda futbolçuların hərəkətlərini nəzarətdə saxlayırlar.
Cızığından çıxan olsa, bilir ki, ya o dəqiqə oyundan alınacaq, ya da gələn həftə adı iştirak ərizəsinə salınmayacaq.
«Dəmir yumruq» və sığal Murad Musayevin üslubudur. «Sabah»ın əvvəlki məşqçilərində bu çatmırdı. O, «dediyimi et, qalanı ilə işin olmasın» tapşırığını sırğa edərək, sərəncamındakıların qulağından asıb.
MUSA

