"Sabah" mövsümdə növbəti qələbəsini "Qəbələ" üzərində qazandı - 2:1.
Gərgin keçən oyunda Masazır təmsilçisi hesabda geri düşsə də sonda önəmli qalibiyyət əldə edə bildi.
Bunda komandanın düşünən beyni Aleksey İsayevin böyük xidmətləri oldu.
Oyunun qəhrəmanlarından olan yarımmüdafiəçi Sportinfo.az-a açıqlamasında öncə "Qəbələ" üzərindəki çətin qələbədən söz açıb:
"Güclü rəqibə qarşı çox çətin və maraqlı oyunun şahidi olduq. Sona kimi mübarizə apardıq və sonda bizə lazım olan qolu vurmağa nail olduq.
Şadam ki, bu matçdan 3 xalla ayrılmağı bacardıq".
Masazır təmsilçisi "Qəbələ" ilə oyunda olduğu kimi, "Şamaxı"ya qarşı oyunda da son dəqiqə qolu ilə 3 xala sevinmişdi.
Təcrübəli oyunçu bunu komandanın vahid orqanizm kimi çalışması ilə bağlayıb:
"Biz hər gün öz üzərimizdə işləyirik. Məşqlərdə çox çalışırıq. Bütün komanda vahid orqanizm kimi hərəkət edir ki, bu da hədəflərimizə çatmağımıza kömək edir".
Təbii ki, qarşılaşmadan sonra ən çox müzakirə olunan məqam İsayevin ilk qolda Kaşuka verdiyi əla ara ötürməsi oldu. Bəs o, özü bu barədə nə düşünür?
"Məncə, bu, Aleksey Kaşukun əməyinin nəticəsi idi. Həmin anda çox yaxşı açıldı. Mənim işim yalnız ona dəqiq ötürmə vermək idi ki, çox şükür alındı".
XANOĞLAN / SPORTİNFO.AZ

