10 qələbə! Özü də 12 tura. Bunu edən «Sabah»dır.
Premyer Liqada beşinci mövsümünü keçirən klubun haçansa bu qədər qələbəni bir mövsümə əldə etməsi yadıma gəlmir. Əla yüksəlişdir!
Gələn ilin yayında Azərbaycanı avrokuboklarda təmsil edəcək 4 klub arasında «Sabah»ın da adını görəcəyimizə zərrə qədər şübhə bəsləmirəm.
Bütün ilkləri cari mövsümdə reallaşdıracaqlar. Çempionluğu nəzərdə tutmuram, ancaq gümüş medal 90 faiz bu komandanın olacaq.
Kubokda finaladək irəliləyəcəklərinə, hətta onu başları üzərinə qaldıracaqlarına inanıram. Savadlı baş məşqçi və yaxşı komplektləşmiş geniş heyət «Sabah»ın canını sulu edib, çempionata həqiqi rəqabət gətirib.
Üstün oynamadıqları qarşılaşmadarda belə, 3 xal qazanmağı bilirlər. «Qəbələ» ilə matçın ilk yarısında özlərinə qətiyyən bənzəmədilər.
Asanlıqla qalib gələcəklərinə o dərəcədə arxayın idilər ki, bir də eşitdilər fasilə elan olunub. Usta ayaqlar yalnız 60-cı dəqiqədən sonra «işə düşdü».
İki Alekseyin - İsayevin ara ötürməsinə ildırım sürəti ilə açılan Kaşukun bir toxunuşla hesabı bərabərləşdirməsi görülməyə dəyərdi.
Belə qollara, təəssüf ki, çempionatımızda az-az rast gəlinir. Gözümüzün qurdunu, heç olmasa, Masazırda öldürdük.
Gəlim 90+3-cü dəqiqəyə. Davit Volkovu bundan 17 dəqiqə öncə «döyüş»ə atan Murad Musayev hiss etmişdi ki, günün qəhrəmanı gürcü olacaq.
Volkov ön xətti canlandırdı, cinahdan qurulan hücumu qolla sonuclandırdı. Kaşukun da köməyini qeyd edim.
Ukraynalı Ruan Renatonu bir bədən hərəkətiylə aldatdı, top Volkova çatdı, o da Azərbaycandakı ilk klubuna «real həyatı» anlatdı.
«Qəbələ» tərəfdən oyunun ən yaxşısı olan Səlahət Ağayev də bu zərbəni zərərsizləşdirməkdə aciz idi.
KAMİL

