Premyer Liqada 5-ci mövsümü keçirən və yalnız cari mövsümdə hədəfə doğru inamlı addım atan “Sabah” yaxşı mənada təəccübləndirməkdə davam edir.
Buna qədər Jelko Şopiç və Visente Qomes kimi əcnəbi mütəxəssislərdən fayda görməyən “tələbələr” Murad Musayevin rəhbərliyi altında kifayət qədər inamlı təsir bağışlayır.
Masazır təmsilçisi çempionluq yolundakı əsas rəqibi “Qarabağ”a hakim səhvi ucbatından məğlub olsa da (3:4), “Neftçi”ni hər iki görüşdə udmağı bacarıb (2:1, 3:2).
Bu, nə bir atımlıq barıtdır, nə də təsadüf. Komandada məşqçi işi, oyun dəsti-xətti müşahidə olunur ki, bu mənada 38 yaşlı Musayevin əməyi danılmazdır.
Baş məşqçinin ön plana çıxmasının əsas səbəbi ixtiyarında bacarıqlı futbolçuların, xüsusən də legionerlərin olmasıdır.
“Sabah”ın özəyini əcnəbilər və ölkə xaricində yetişən Azərbaycan millisinin üzvləri qoruyur. Məhz onların parlaq oyunu, baş məşqçinin tapşırıqlarını artıqlaması ilə yerinə yetirməsi “tələbələr”i turnir cədvəlinin 2-ci pilləsinə yüksəldib.
“Sabah”ın ölkə xaricindən gələn futbolçularının karyerasına birlikdə göz gəzdirək.
Abdulaye Ba
Komandasının ən stajlı və təcrübəli futbolçusu olan Seneqal millisinin sabiq üzvü futbolda ilk addımlarını Portuqaliyada atıb və ilk peşəkar klubu da məhz “Portu” olub. Növbəti illərdə İspaniya, Almaniya, Türkiyə kimi ölkələrdə “Rayo Vallekano”, “Deportivo”, “1860 Münhen”, “Fənərbağça”, “Alanyaspor” kimi komandalarda top qovub. Qısa müddətdə Seneqal millisinin şərəfini qoruyub.
Con İrazabal
CV-sində böyük adlar olmasa da, 25 yaşlı müdafiəçinin İspaniyada doğulması və bu ölkənin futbolundan dərs alması əsas üstünlüyüdür. Ölkəsinin aşağı liqalarında “Vitoria”, “Leyoa”, “Mirandeş” kimi komandaların uğurları üçün tər töküb, ötən mövsüm Sequndada “Amorobieta”nın əsas simalarından sayılıb.
Boyan Letiç
Hazırda Premyer Liqamızın ən yaxşı sol cinah müdafiəçilərindən hesab olunan Bosniya və Hersoqovinadan olan futbolçu ölkəsinin yüksək liqasında “Velez”lə “Sarayevo”nun formasını geyinib, Slovakiyada məşhur “Jilina”nın, Çexiyada “Karvina”nın əsas simalarından olub. Azərbaycana gələnə qədər Serbiyada “Radniçki”də, İspaniya Sequndasında “Mirandeş”də oynayıb. Bosniya və Hersoqovinanın U-21 yığmasında 4 oyun keçirməsinə baxmayaraq, əsas millidə çıxış etmək qismət olmayıb.
Coy-Lens Mikels
Almaniya futbolunun, dəqiq desək, Münxenqladbax “Borussiya”sının yetirməsi “Sabah” vacib “silah”ı, “vuran ayağı”dır. Bu isə təsadüf deyil.
Mikelsin karyerası göz oxşayır. Peşəkar futbolda ilk addımlarını “Borussiya”nın gənclər komandasında atıb, daha sonra “Şalke 04”ün əvəzedici komandasında oynayıb, “Alemanniya Aaxen”, “Vaker” kimi Regional Liqa təmsilçiləri növbəti iş yerləri olub.
Azərbaycana gələnə qədər Eredeviziya təmsilçisi “MVV Maastrixt”də çıxış edib ki, Niderlandın yüksək liqasında 27 oyunda 7 qol vurub, 4 qolun assistini edib.
Emmanuel Apeh
26 yaşlı hücumçu futbolçu kimi Nigeriyada yetişməsinə baxmayaraq, peşəkar karyerasına 20 yaşında İspaniyada başlayıb və Azərbaycana gələnə qədər burada çıxış edib.
“Selta”nın heyətində La Liqada cəmi 2 oyunun iştirakçısı olub, 12 dəqiqə mübarizə aparıb. Karyerası əsasən Sequnda təmsilçiləri ilə bağlıdır: “Lorka”, “Tenerife”, “Alkorkon”. Ötən mövsüm Sequndada 17 matçda 2 qol vurub, daha 2 qolun ötürməsini verib.
Kristian Sebalyos
Cari mövsümdə daha çox ehtiyat oyunçular skamyasında görünməsinə baxmayaraq, komandası üçün vacib fiqurdur. 29 yaşlı hücumameylli yarımmüdafiəçinin həyatında 7 illik “Barselona” yolu var.
12 yaşından 19 yaşında qədər məhz “Barsa”nın akademiyasında futbol təhsili alıb. Ardınca İngiltərəyə - “Tottenhem”ə yollanıb, əsas komandada debüt edə bilməsə də, 2 il görüb-götürüb.
Peşəkar karyerası ərzində heç vaxt İspaniyada oynamayıb. İngiltərə, Portuqaliya, Belçika və Qətər kimi ölkələrdə “Çarlton”, “Aruka”, “Sent-Trüyden”, “Əl-Vakrah, “Qatar SC” kimi komandaların şərəfini qoruyub.
Aleksey Kaşuk
“Sabah”a ən çox fayda verən əcnəbilərin arasında ən gəncidir. 22 yaşını iyunda tamamlayan solaxay vinger 2019-cu ildə Ukrayna millisinin heyətində 20 yaşa qədər futbolçular arasında keçirilən U-20 dünya kubokunu başı üzərinə qaldırıb. Kaşuk turnirdə vurduğu 7 qolla millisinin ən yaxşısı adını qazanıb.
13-16 yaş aralığında “Vorskla”nın sıralarında olub, 2016-cı ildə “Şaxtyor” onu heyətinə qatıb. Lakin indiyə qədər bir dəfə də olsun donetsklilər ona şans verməyib.
Odur ki, öncəki illəri icarə əsasında “Mariupol”da keçirib. Kaşukun futbolçu keyfiyyətlərində “Şaxtyor” məktəbi özünü aydın şəkildə göstərir.
Anatoli Nuriyevlə Aleksey İsayevin kökündə hansısa mənada Azərbaycana bağlılıq var. Amma heç biri burada yetişməyib. Nuriyev Ukrayna, İsayev Rusiya futbolunun yetirməsidir.
Yuxarıda haqqında bəhs etdiklərimizdən başqa son vaxtlar zədədən əziyyət çəkən Kristian da Silva, Tiemoko Fofana, Zurab Oçiqava, həmçinin əsas heyətə düşməkdə çətinlik çəkən Davit Volkovla Aleksandr Neçayev kimi əcnəbilər də var.
Görünən odur ki, “Sabah” rəhbərliyi baş məşqçi seçimində doğru addım atmaqla yanaşı, həm də legioner seçiminə həssas yanaşmağa başlayıb.
“Tələbələr” futbol məktəbi uğurlu olan gəlmələrə bel bağlamaqla hər ötən gün uğura bir addın yaxınlaşır.
HƏBİB / SPORTİNFO.AZ

