Azərbaycan Premyer Liqasının arxada qalan 11 turunda parlaq çıxışı ilə yadda qalan simalardan biri də Yusif İmanovdur.
20 yaşlı qapıçı komandasının hazırda ikinci pillədə olmasında az əməyi yoxdur.
O, əgər uğurlu çıxışını mövsümün sonuna kimi davam etdirə bilsə, yəqin ki, mövsümün kəşfi də sayılacaq.
Düzdü, qolkiper ötən mövsümün ikinci yarısında da əsas qapıçı kimi oyunlara çıxırdı.
Amma onda əksəriyyət ona bu şansın verilməsini 21 yaşa qədər olan 1 oyunçunun oynaması ilə bağlı tətbiq edilən limitlə əlaqələndirirdi. Ki, baş məşqçi Murada Musayev Yusifi qapıya qoymaqla təcrübəli sahə oyunçularına daha çox üstünlük vermiş olur.
Hazırkı mövsüm limit qadağası aradan götürülüb.
Amma Yusif yenə əsas qapıçı statusunu daşımaqla bunu oyunu ilə qazandığını əyani göstərmiş olur.
Artıq milli komandaya dəvət edilməsi ciddi müzakirə olunan çərçivə qoruyucusuna "Qarabağ"dan da maraq var.
Belə ki, "Köhlən atların" məşhur azarkeş səhifələrindən biri olan "Since 1951" İmanovun "Neftçi"yə qarşı son oyunundan olan fotosunu "Bir gün "Qarabağ"da görmək ümidilə" başlığı altında paylaşıb.
Yusif İmanov "Qarabağ"ın təmsil olunduğu Ağdam rayonunda dünyaya gəldiyini bildirək.
Yəni gənc istedadın həm də ruhən bu kluba bir bağlığı var. Görünür, "Qarabağ"lıların ona yaranan sevgisi istedadı ilə bərabər, həm də bununla bağlıdır.
XANOĞLAN / SPORTİNFO.AZ

