Murad Musayev “Sabah”a yeni gələndə barəsində tərəddütlər çox idi. Ki, uğurlu ola biləcək, yoxsa yox.
Amma rusiyalı mütəxəssis Masazır təmsilçisində ilk günlərdən öz bəlli sistemini, futbol fəlsəfəsini ortaya qoya bildi.
Əbəs deyil ki, ötən mövsüm avrokuboklardan son anda kənarda qalan onun komandası bu il hətta çempionluğa əsas namizədlərdən sayılır.
Rusiyalı mütəxəssis təkcə meydandakı nəticələrlə yox, həm də verdiyi bir çox qətiyyətli qərarları ilə özü haqqında müsbət məşqçi fikrini formalaşdıra bildi.
Məsələn, o, heç kimin gözləmədiyi anda ötən mövsüm təcrübəli və milli komandanın da üzvü olan Səlahət Ağayevi ehtiyata göndərərək qapını cəmi 19 yaşlı Yusif İmanova həvalə etdi.
Gənc qapıçı da Musayevin ümidlərini o qədər doğrultdu ki, çalışdırıcı onun olduğu mövqeyə yeni qapıçı almaq barədə o qədər də israr etmədi. Halbuki Səlahət Ağayevin gedişindən sonra bu, mütləq vacib görünürdü.
Lakin bu gün futbol ictiamiyyətində qərarla bağlı bir tərəddüt var. Ki, iddialı komandanın gənc qapıçı ilə yola çıxması risklidir deyə. Bu, həqiqətənmi belədir, yoxsa gənc qolkiperlə də iddialı olmaq olar?
Sualımıza cavab tapmaq üçün veteran qapıçı Huseyn Məhəmmədova müraciət etdik.
Azərbaycan millisinin və “Neftçi”, “Kəpəz”, “Şəmkir” “Turan” kimi güclü klubların şərəfini qorumuş təcrübəli sima Sportinfo.az-a açıqlamasında mövzu ilə bağlı bunları deyib:
“Yusif İmanovun mövqeyi mənə də doğma olduğu üçün bu barədə lazımı qədər açıqlama verəcəm. İlk öncə sizin vasitənizlə baş məşqçiyə təşəkkür edirəm. Ki, hər oyun gənc azərbaycanlı futbolçuya güvənir. Bu, Azərbaycan futbolunun xeyrinədir. Yusif artıq gənclər millisinə dəvət alır. İnşallah, parlaq oyunu ilə yaxın gələcəkdə əsas milli komandaya da dəvət alacaq. Buna inanıram.
Yəqin ki, Murad Musayev gənc qapıçıda istədiyi potensialı görür deyə ona etibar edir. İnandığı qapıçı ilə baş məşqçi çempion da olar, başqa uğurlar da qazana bilər. Açığı, pis də təsir bağışlamır. Özünü doğruldursa, deməli, şans vermək lazımdır. Yaşı azdısa, gəncdisə, o demək deyil ki, qapıda dura bilməz. Mütləq deyil ki, qapıda yaşı çox olan biri dayanmalıdır. Bu yanlış fikirdir. Öz dönəmimdən və sonrakı illərdən belə nümunələr çox çəkə bilərəm. Məsələn, “Neftçi”nin heyətində Çempionlar Liqasında Rusiyanın MOİK klubuna qarşı oyunlarımızda rəqibin qapısını 18 yaşlı İqor Akinfeyev qoruyurdu. Sonrakı karyerasını incələməyə ehtiyac yoxdur.
Bundan başqa dünyaca məşhur olan Canluici Donnarummanın özü olsun. Gənc yaşlarında “Milan”da qapını ona etibar etdilər. Bu gün də haralara qədər gəldiyi hamımıza məlumdur. Bu gün gənc qapıçıların oynaması daha yaxşıdır. Bunda heç bir problem görmürəm. Yaş yox, əsas önəmli olan odur ki, həmin qapışı lazımlı şəkildə çıxış edir və komandasına kömək edir".
XANOĞLAN

