Azərbaycan klubunun xərclədiyi milyonlar tarixi ilki gətirdi

11 Oktyabr 2022 23:00 Sabah 3 430
Azərbaycan klubunun xərclədiyi milyonlar tarixi ilki gətirdi

Azərbaycan Premyer Liqasını yaxından izləyənlər “Sabah”dan danışır, komandanın cari mövsümdəki nəticələrinə təəccüblənir.

2018-ci ilin yayında elitada mübarizəyə qoşulan “tələbələr” indiyə qədərki çempionatların hər birində sponsorların səxavətini görüb, lakin heç bir halda uğur qazana bilməyib.

Murad Musayevin “sükan” arxasına keçməsindən sonra “Sabah” 5 illik Premyer Liqa tarixinin ən yaxşı günlərini yaşayır.

İlk dövrədə meydana çıxdığı 9 oyunun yalnız 1-də (“Qarabağ”a 3:4 hesabı ilə uduzub – H.) məğlub olan Masazır təmsilçisi topladığı 22 xalla lider “Qarabağ”ı qarabaqara izləyir.

Bu, klub tarixində çempionata ən yaxşı başlanğıcdır. İstər xal, istərsə də qol sayında olsun. “Tələbələr” avqustdan bu yana təəccübləndirməkdə davam edir.

Hesabat turunda “Kəpəz” üzərində qazanılan böyük hesablı qələbə də “Sabah”ın tarixinə düşdü. Komanda 5-ci ildir iştirak etdiyi Premyer Liqada indiyə qədər 5 top fərqi ilə qalib gəlməmişdi.

Ən gözəgəlimli hesab ötən mövsümün 24-cü turunda “Şamaxı” ilə qarşılaşmada qeydə alınmışdı ki, həmin vaxt Murad Musayevin yetirmələri rəqibini 5:1 hesabı ilə udmuşdu.

“Sabah”ı son zamanlar sevdirən təkcə qazandığı qələbələr deyil. Komanda həqiqətən məzmunlu futbolla istəyinə çatır.

Rusiyalı mütəxəssisin oyun fəlsəfəsinə uyğun gələn futbolçuların komandaya cəlb olunması xərclənən milyonların hava sovrulmadığını göstərir.

Musayevin komandası bu cür davam etsə, deyəsən, çempionluq mübarizəsində “Qarabağ”ın əsas rəqibi “Neftçi” yox, məhz onlar olacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti