«Sabah» mövsümün ən zəif oyununu Şamaxıda keçirdi.
Çempionluq yarışında «Qarabağ» və «Neftçi»yə öz nəfəsini hiss etdirən Murad Musayevin drujinası aşkar autsayderlə qarşılaşmada həftənin sensasiyası ilə barışmağa çox yaxın idi.
90-cı dəqiqədə Abdullaye Banın vurduğu qol olmasaydı.
Seneqallı müdafiəçi uzun ayaqlarının hesabına «Şamaxı»nın minimum 1 xal qazanmaq arzusunu gözündə qoydu.
20 ildən artıq müddətdə «Mançester Yunayted»i çalışdırmış, mümkün bütün titulları qazanmış ser Aleks Ferqyuson söyləyirdi ki, yüksək hədəflərə çatmağı qarşısına məqsəd qoyan komanda özündən zəiflərlə oyunlarda özünü gözlənilməz xal itkilərindən sığortalamasa, mövsümü əli ətəyindən uzun başa vuracaq.
Murad Musayev bu «yol xəritə»sini hər üzünə incələməlidir. «Sabah» autsaydelərlə qarşılaşmalarda zəif təsir bağışlayır. «Səbail» də onlarla dueldə qələbəyə çox yaxın idi, elə «Şamaxı» da.
Qurban Səfərovun yararlana bilmədiyi qol epizodunu rusiyalı baş məşqçi dərindən analiz etməlidir.
O epizod qol olsaydı, nə olacaqdı - Musayev iddiasızlarla oyunları aşağı səviyyədə keçirmələrinin səbəblərini tapıb üzə çıxarmalıdır. Yoxsa mövsümün həlledici hissəsində itirilən xalları günün günorta çağı çıraqla axtaracaqlar.
İki pis anonsu ötürdülər, Allah üçüncüsündən qorusun!
MUSA

