"Sabah"da dərs çıxarılmalı "QƏZA"

10 Sentyabr 2022 09:40 Sabah 1 038
"Sabah"da dərs çıxarılmalı "QƏZA"

Mövsümə əla başlayan "Sabah" gözlənilmədiyi halda "Səbail"lə matçda xal itirdi.

İlk dörd turda "Zirə", "Qəbələ", "Neftçi" kimi komandaları sıradan çıxaran kollektivin Bayıl təmsilçisini hətta darmadağın edəcəyi gözlənilirdi.

Amma ilk 30 dəqiqə surpriz sonluğun işartıları oldu.

Meydan sahibilərində hiss olunan arxayınçılıq qonaqların əməlli-başlı əl qolunu açmasını şərtləndirmişdi. Əbəs deyil ki, matçının ilk 1/3 bölümünü Mahmud Qurbanovun yetirmələrinin adına yazmaq olar.

Yalnız bu dəqiqələrdə yaranmış su fasiləsində baş məşqçi Murad Musayevin passiv görünən Con Leys Mikelsi "sirkələməsi" Masazır təmsilçisinin oyununa canlanma gətirdi.

İlk hissənin son 15 dəqiqəsi və ikinci yarını "Sabah" tamamən rəqib qapısında keçirdi deyə bilərik. Amma yaxşı müdafiə olunan Qurbanovun yetirmələri real qol imkanlarına şərait yaratmırdı.

Bir neçə belə imkan oldu ki, onda da Emil Balayev çərçivədə etibarlı idi.

Ümumiyyətlə, "Səbail" mövsümdə ən intizamlı matçını keçirdisə, "Sabah"da ilk dörd qarşılaşmadan əsər-əlamət qalmamışdı. Ərazi üstünlüyü vardı, amma gözlədiyimiz və əvvəlki qarşılaşmalarda gördüyümüz "Sabah" yox.

Təbii ki, komanda hardasa dayanmalı idi. Amma "Səbail"lə görüşdə yox da....

Lakin bu bərabərliyin Musayevin yetirmələrinə şok yaşatmaq ehtimalı olduğu kimi, ayıltmaq, fayda vermək kimi imkanlar da yarada bilər.

Ki, ilk dörd turda göyün yeddinci qatına qalxan və qaldırılan futbolçular bir anda hara enə biləcəklərini fərqinə varmış oldular. İndi qalır gec olmadan bu dərsdən nəticələr çıxarmaq. Uzun marafonda növbəti belə "qəza"(lar)dan sığortalanmaq üçün.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti