"Sabah"a göz qırpan HƏQİQƏT

6 Sentyabr 2022 15:00 Sabah 733
"Sabah"a göz qırpan HƏQİQƏT

«Sabah» Premyer Liqaya ardıcıl 4 qələbə ilə başlamışdı.

Gözlənilirdi ki, davamını gətirəcəklər. «Səbail»lə qolsuz heç-heçəni proqnozlaşdırmaq çətin idi, inandırıcı gəlmirdi.

«Qəza» baş verdi və Murad Musayevin yayda yenilənmiş qvardiyası dayandı. Rəqibi ciddiyə almadılar? Xeyir, belə deməzdim.

«Sabah» hər iki hissədə qolun sərin havasını ciyərlərinə çəkdi, amma hər dəfə nə oldusa, top qonaqların qapı torunu silkələməkdən imtina etdi.

Davit Volkovun, Coy Lens Mikelsin, Ceyhun Nuriyevin, başqalarının epizodları adi epizodlar deyildi, təsadüfən yaranmamışdı, sadəcə, bunları necə dəyərləndirməmək olar, nəsə fikir yürütmək çətindir.

İki müdafiə bloku qurmuş «Səbail»in qapıçısı Emil Balayevi də qeyd etməliyik.

Bu, son iki mövsümdə gözdən itən, yalnız «Səbail»ə qayıdandan sonra oyun praktikası əldə edən Balayevin gecəsi idi. Əla seyvləri ilə «Sabah»ın hesabı açmaq cəhdlərini puça çevirdi.

Bu qarşılaşma eyni zamanda Murad Musayevə bəlli etdi ki, o, indi nəyin üzərində daha çox dayanmalıdır. İlk dörd həftədəki qələbələrin gətirdiyi eyforiya futbolçularının ayaqlarını hardasa yerdən üzüb.

Tarixdə ilk dəfə avrokuboklara vəsiqə qazanacaqlarına inanmları çox güclüdür və bu da yerli-yersiz xal itkilərinin sayını artıra bilər.

«Səbail»lə oyun «Sabah»a bu mənada göz qırpdı.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!