“Sabah” – “Neftçi”ni səhvə sürükləməyin ləzzəti başqadır...

21 Avqust 2022 16:00 Sabah 1 111
“Sabah” – “Neftçi”ni səhvə sürükləməyin ləzzəti başqadır...

Üç tura eyni sayda qələbə - “Sabah” mövsümə əla start götürüb.

Bu cür başlanğıcı bəlkə də Murad Musayevun özü də gözləmirdi.

“Sumqayıt” və “Zirə”dən sonra “Neftçi” üzərində qalibiyyətin bir başqa həzzi, dadı, tamı var. Yağlı yeməyin üstündən bit stəkan pürrəngi çay necə ləzzət edirsə, bax elə.

Nahaq yerə deməmişik ki, cari sezonun əsas favoritlərindən biri “Sabah”dır. Avrokuboklara vəsiqə qazanacaqlar, buna şübhə bəsləməyə dəyməz.

Gərək onda dünya tərsinə fırlansın. Və hər kəs istefa ərizəsi yazıb getsin. Bu, ən pis variantdır. Hesab edirəm ki, “Sabah” artıq öz yolunu tapıb və ona doğru irəliləyir.

Ən diqqətçəkən nüans - inamın varlığı. Kristian Sebalyos 37-ci dəqiqədə penalti epizodunu qaçırdı, heç nə olmamış kimi oyuna davam etdilər.

Davit Volkov və başqaları gəlib ispanı qucaqladı, “ürəyini sıxma” dedi.

Bu, Musayevin “Sabah”a gətirdiyi müsbət yeniliklərdəndir. Ötən illərdə belə səhnə ilə rastlaşmazdıq.

Geniş heyət rusiyalı baş məşqçinin əl-qolunu açıb. İlk hissənin son saniyələrində qapısında qol görən “Sabah” üzgün görünsə də, fasilədən az keçmiş iddiasını təkrar duyurdu.

Ceyhun Nuriyev və Emmanuel Apehin meydana daxil olmasıyla üçüncü zonada daha basqılı oynayan, sürəti artıran ev sahibləri “Neftçi”nin müdafiə xəttini iki dəfə səhvə sürüklə di.

Baş hakim Fərid Hacıyevin təyin etdiyi hər iki penalti doğru idi, heç o yan-bu yanı yox!

Xəzər Hikmət

Digər Xəbərlər
Xəbər Lenti