Yayda heyətini kifayət qədər gücləndirən “Sabah” ilk turdaca iddiasını ortaya qoydu.
“Tələbələr” Aleksey Baqanın yenilənmiş “Sumqayıt”ını yerlə bir etdi – 3:0.
Lakin bu, heç də Murad Musayevin üzünün güldüyünün anlamına gəlməməlidir.
Rusiyalı məşqçini komandasındakı zədə epidemiyası narahat edir. Hazırda 4 vacib fiqur zədədən əziyyət çəkir ki, yaxın 1-2 tura Musayevin sərəncamında olacaqları inandırıcı deyil.
Tiemoko Fofana zədədən əziyyət çəkdiyindən, əməliyyat olunub. 22 yaşlı futbolçu hələ də zədəsinin müalicəsi ilə məşğuldur. Onun kollektiv çalışmalara qoşulması ən yaxşı halda oktyabrda mümkün olacaq.
Təlim-məşq toplanışından əvvəl xəsarət alan Kristian da Silva da eyni səbəbdən kənarda qalıb. Yay hazırlığında iştirak etməyən braziliyalının durumu yaxşıya doğru dəyişməkdədir. Ortaya problem çıxmasa, gələn ayın əvvəlindən məşqlərdə iştirak edəcək.
Bəxtiyar Həsənalızadənin durumu digərlərinə nisbətən qənaətbəxşdir. Mərkəz müdafiəçisi müalicəsini davam etdirsə də, bu ayın sonu, ən pis halda sentyabrın əvvəlində ayaqlarını gücə sala biləcək.
O ki qaldı Zurab Oçiqavaya, Ukrayna vətəndaşlığını daşıyan gürcü futbolçu iyunun əvvəlində Türkiyədə menisk əməliyyatı keçirmişdi.
Buna baxmayaraq, müalicə və bərpa prosesini uğurla başa vurub iyulda komandasının Bolqarıstandakı toplanışında iştirak etmiş, hətta yoldaşlıq görüşündə meydana çıxmışdı.
Lakin çox keçmədən zədəsini yenilədi və uzun müddətə sıradan çıxdı. Oçiqavanın xəsarəti ciddidir deyə, yaxın 2 ayda yaşıl meydanlarda görünməyəcək.
HƏBİB / SPORTİNFO.AZ