"Medallar uğurunda mübarizə aparacağıq" - Murad Musayev

7 Avqust 2022 22:10 Sabah 950
"Medallar uğurunda mübarizə aparacağıq" - Murad Musayev

"Çempionata başlamaq hər zaman həyəcanlıdır. Oyunun nəticəsindən, futbolçuların yanaşmasından, keyfiyyətdən razı qaldım. Azarkeşlərə təşəkkür edirəm. Bizə yaxşı dəstək oldular".

Sportinfo.az xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Murad Musayev evdə "Sumqayıt"a 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının ilk turunun oyunundan sonra mətbuat konfransında deyib.

39 yaşlı mütəxəssis rəqibin kompakt oynadığını bildirib: "Boş zonalar az idi. İlk hissədə hücumlarımızın əksəriyyəti cinahlardan oldu. Qol vurandan sonra rəqib bir az açıldı. Artıq hücumlarımız mərkəzdən və cinaha yaxın yerlərdən də alınmağa başladı. Belə kombinasiyalı futbolu hər zaman göstərməyə çalışacağıq".

Rusiyalı baş məşqçi cari mövsümdə ilk hədəflərinin bir addım irəli getmək və avrokuboklara vəsiqə qazanmaq olduğunu söyləyib: "Bu, minimum tapşırığımızdır. Medallar uğrunda mübarizə aparacağıq".

Musayev "Sumqayıt"ın pis oynamadığını vurğulayıb: "Bizə çətinliklər yaratdılar. Çox çalışmalıyıq. İlk oyundur. Təriflərdən qaçmaq istəyirəm".

O, sarı vərəqə aldığı epizodu şərh edib: "Hakimə təhqiramiz ifadələr işlətmədim. Sanki qərar verməkdə tələsdi. Çünki hücuma çıxırdıq".

Mütəxəssisin sözlərinə görə, indidən nəsə demək tezdir: "4-5 matçdan sonra nəsə danışmaq olar. "Sumqayıt" çoxlu transfer edib. Düşünürəm ki, onlara qarşı oyunlar çətin olacaq".

Musayev VAR sistemi ilə bağlı fikirlərinin yanlış anlaşıldığını bildirib: "Mən iki əlli VAR-ın tərəfdarıyam. Bu gün çox dayanmalar olmadı. Siz məni səhv anlamısınız".

Digər Xəbərlər
Xəbər Lenti