Rusiyalı məşhur hücumçu Artyom Dzyuba Bakıya gəlib.
Bu barədə məlumatı “Sport-express” nəşri yayıb.
Xəbərdə bildirilir ki, 33 yaşlı forvard karyerasını Azərbaycan Premyer Liqasında davam etdirə bilər və bunun üçün 1 gün öncə Bakıya gəlib.
Rusiyalı həmkarlarımız Dzyubanın “Neftçi” və ya “Qarabağ”la danışıq apardığını iddia edib.
Sportinfo.az-ın əldə etdiyi son məlumata görə, Rusiya yığmasının sabiq “22 nömrə”si hazırda paytaxtımızdadır.
“Neftçi” onunla danışıqlar aparmır - bunu dəqiqləşdirmişik.
Dzyuba menecerlər tərəfindən “Qarabağ” və “Sabah”a təklif olunub. Ağdamlıların çalışdırıcısı Qurban Qurbanov bu varianta bir qədər ehtiyatlı yanaşıb - bu ilin mayında “Zenit”ən ayrılan forvardın komandasının oyun üslubuna uyğun gəlməmısi səbəbindən.
Rusiyada qalmaq istəməyən Dzyuba ilə “Sabah” daha yaxından maraqlanır. Murad Musayev “tələbələr”i ilə birgə Bolqarıstana yollansa da, klub rəhbərliyi Azərbaycanı tərk etməyib.
Güman ki, onarın hazırda Bakıda qalması adıçəkilən ulduzla danışıqları yekunlaşdırmaq niyyətindən qaynaqlanır.

