“Sabah”ı yay transfer bazarı”nın ən aktiv klubu kimi təqdim edə bilərik.
Komanda kifayət qədər sanballı adlarla heyətini gücləndirə bilib. Və proses hələ bitməyib, davam edir.
Zarafat deyil, son bir ayda Masazır təmsilçisi Tellur Mütəllimov, Anatoli Nuriyev, Davit Volkov, Namik Ələskərov, Con İrasaballa və Abdulaye Ba kimi adlarla güclənib. Aşağı-yuxarı hər biri ayrı-ayrılıqda zəngin karyeraya malik təcrübəli futbolçulardı.
Sonuncu Ba transferi isə ümumiyyətlə, nəinki “Sabah”lı fanatları, hətta rəqib tərəfdarları da hərəkətə gətirib, onlarda narahatlıq yaradıb.
Əbəs deyil ki, futbolçunun klubun sosial şəbəkə hesablarındakı təqdimatına yüzlərlə şərh yazanların əksəriyyəti “Qarabağ” və “Neftçi” fanatları olub.
Hətta “Sabah”ı öz klublarına nümünə kimi çəkənlər də diqqətdən qaçmayıb. Maksimum çalışıb, çoxsaylı şərhlərdən seçilmiş maraqlı rəyləri sizə təqdim edirik:
“Qardaş, sizin məqsədiniz çempion olmaqdır, yoxsa UEFA Çempionlar Liqasın qazanmaq?”.
“Əla, uğurlar. “Sabah” əla işlər görür. İnşallah, Avropaya gedib, orada da”Qarabağ”la qruplara qalar”.
“Əhsən, “Sabah”! Bu transferlərlə həm çempionluq, həm də böyük hədəflər uğrunda oynamaq olar”.
“Transferə Ba!”.
“Banı “Fənərbaxça”dan tanıyıram. Bizim çempionat üçün əla transferdir”.
“Sabah” bu il çox iddialı olacaq”.
“Elə bil pulu “Qarabağ” qazanır, amma o pulu “Sabah” yeyir. Bu çempionat çox başağrısı olacaq”.
“Neftçi” etməliydi bu transferi, amma “Sabah” edir”.
“Qarabağ”, transfer təqdimatını izləyin”.
“Sabah” bu il “Qarabağ”la rahat şəkildə rəqabət apara biləcək. Transferləri çox keyfiyyətlidir”.
Ümid edək ki, şərhlərdə vurğulandığı kimi, yeni transferlər daha əzəmətli “Sabah” görməyimizə yol açacaq.
Hər halda Premyer Liqamızın daha rəqabətli və maraqlı olması, “Neftçi” və “Qarabağ”ın daha da iddialı olması yolunda bu, çox əhəmiyyətli məqamdır.
Xanoğlan İmanov

