Dünən məlumat verdiyimiz kimi, Azərbaycan yığmasının müdafiəçisi Mert Çelik növbəti mövsümü «Başakşehir»də keçirməyəcək.
İstanbul klubu müqavilə ilə ona məxsus olan 22 yaşlı arxa xətt oyunçusunun xidmətinə ehtiyac duymayıb.
Baş məşqçi Emre Belezoğlu toplanışa cəlb etdiyi millimizin üzvünün səviyyəsindən razı qalmayıb. Klub rəhbərliyi onun təqdimatı əsasında Merti yenidən icarəyə verməyi qərara alıb.
Adıçəkilən müdafiəçinin son iki mövsümü icarə əsasında «Neftçi»də keçirməsini yada salaq. «Ağ-qaralar» onu geri qaytarmaqda maraqlıdır.
Bakılı rəsmilər bu məqsədlə istanbullu həmkarları ilə intensiv danışıqlar aparır. Lakin «Neftçi» Merti əldə etmək uğrunda rəqabətdə tək deyil.
«Sabah» da onunla anlaşmağa iddialıdır. Hətta «tələbələr» yığma üzvünü sıralarına qatmaqda o qədər israrlıdır ki, «Başakşehir»ə konkret təklif də irəli sürüblər.
Eyni zamanda, «Sivasspor», «Antalyaspor» və «Ankaragücü» də sözügedən müdafiəçiyə maraq göstərir.
SPORTİNFO.AZ

