«Qarşımıza qoyulan məqsəd çempion olmaq, ölkəmizi UEFA Gənclər Liqasında təmsil etməkdir».
Bu sözləri Sportinfo.az-a açıqlamasında «Sabah»a qayıdan məşqçi Rövşən Babayev deyib.
Ötən mövsüm I Divizionda «Turan Tovuz»u çalışdıran, bugünlərdə isə Masazır klubunun U-19 komandasında İqor Ponomaryovun köməkçisi təyin edilən mütəxəssis iyunun 4-dən yeni mövsümün hazırlıqlarına başladıqlarını bildirib:
«Məşqlərimizi «ASK Arena»nın əsas meydançasında keçiririk. 40-ə yaxın gənc var burada. Komandada güclü rəqabət yaratmaq istəyirik.
Bunun üstündə ciddi iş gedir. İqor Ponomaryovun rəhbərliyi altında uğur qazanmaq üçün mən də əlimdən gələni edirəm.
Keçən mövsüm 19 yaşlılar uğurlu ola bilmədi. Bu dəfə sindromu qırmalıyıq.
Rəhbərlik hər cür şərait yaradıb, biz də gərək bunun qarşılığını verək.
Gənclər Liqası mənə yaxşı tanışdır. Uzun illər akademiya sistemində çalışdığım üçün çempionatı və digər komandaları tanıyıram».

