"Sabah”ın növbəti "transfer bomba”sı kim olacaq?

18 İyun 2022 16:40 Sabah 6 712
"Sabah”ın növbəti "transfer bomba”sı kim olacaq?

Avrokuboklardan kənarda qalan “Sabah” etdiyi transferlərlə Premyer Liqadakı rəqiblərinə göz dağı verməkdədir.

Mövsüm başa çatan kimi Azərbaycan yığmasının vingeri Anatoli Nuriyevi rənglərinə bağlayan “tələbələr” çox keçmədən Gürcüstan millisinin hücumçusu Davit Volkovla anlaşdı.

Sonuncu transfer isə “Bursaspor”u tərk edən digər milli üzvü Namiq Ələsgərov oldu.

Sportinfo.az-a daxil olan məlumata görə, “Sabah” növbəti “transfer bombası”na hazırlaşır.

Söhbət yığmamızın müdafiəçisi Anton Krivotsyukdan gedir. Ötən yay “Neftçi”ni Plotsk “Visla”sına dəyişən arxa xətt oyunçusu Polşada klubundakı durumundan məmnun deyil.

Bu fürsəti əldən vermək istəməyən Masazır təmsilçisinin Antonu rənglərinə bağlamaq üçün hərəkətə keçdiyi deyilir. Krivotsyukun “Visla” ilə müqaviləsinin müddəti davam etdiyi üçün klublar ortaq məxrəcə gəlməlidir.

Murad Musayev Antonun xidmətindən sırf sol cinah müdafiəçisi kimi yox, həm də mərkəz müdafiəçisi kimi yararlanmaq istəyir.

Bu mövqedə isə çatışmazlıqların olduğu sirr deyil.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti