Məlum olduğu kimi, Maykl Essyen bugünlərdə Azərbaycana gəlib.
O, "Sabah"ın akademiyasının qonağı olub.
Ötənlərin ulduz futbolçusu Masazır klubunun U-10 və U-12 komandalarının Bakı Olimpiya Stadionunda keçirilən məşqini izləyib, azyaşlı futbolçulara sürpriz edib.
Görüş zamanı Essyen akademiyanın üzvlərinin suallarını cavablandırıb, onlara futbolda uğur qazanmaq üçün öz məsləhətlərini verib.
Daha sonra azyaşlı futbolçular arasında əyləncəli yarış keçirilib. Yarışın qalibi olan akademiyanın 2 futbolçusuna Esyenin imzalı forması hədiyyə edilib.
Qanalı sabiq yarımmüdafiəçi Azərbaycana “Sabah”ın idman direktoru Ramin Həsənovun dəvəti ilə təşrif buyurub.
Onların tanışlığı illər əvvələ təsadüf eləyir. Həsənov “Səbail”də eyni vəzifəni tutduğu dönəmdə “Çelsi”nin bu kluba keçidinə vasitəçi olub.
Cütlük Azərbaycan və Slovakiya yığmaları arasında “Dalğa Arena”da keçirilən Milltlər Liqasının qrup matçını (0:1) birlikdə izləyib.
Qanalı sabiq ulduzun ölkəmizə budəfəki qayıdışı yeni söz-söhbətlərin ortalığa çıxmasına səbəb olub.
Deyilənə görə, “Sabah” ona akademiyada məsul vəzifə tapşırmaq niyyətindədir. Klubun Esyenin vasitəsilə öz yetirmələrini bir müddət sonra Avropaya göndərməyi planlaşdırdığı söylənilir.
Bütün bunları dəqiqləşdirmək üçün “Sabah”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidovla əlaqə saxladıq:
“Esyenin akademiyamızı ziyarəti yalnız görüş xarakteri daşıyırdı. Azyaşlı futbolçularımızla bu cür görüşlər mütəmadi xarakter daşıyır.
Daha öncə əsas komandamızın üzvləri akademiyamızı ziyarət edib, azyaşlı futboıçularımızla görüşmüşdü.
Bu dəfə isə Maykl Esyen dəvətimizi qəbul edib, U-10 və U-12 komandalarımızın üzvləri ilə görüşdü. Bu cür görüşlər azyaşlı futbolçularda müsbət mənada dərin izlər buraxır.
Onun klubumuzla əməkdaşlıq edib-etməyəcəyi gələcəyin işidir. Hazırda gündəmdə belə məsələ yoxdur. Amma gələcəkdə nələrin olacağını bilmək olmaz”.
SPORTİNFO.AZ

