"Sabah"ın parlaq sabahı kimlərdi? - ARAŞDIRMA+GENİŞ SİYAHI

13 İyun 2022 11:40 Sabah 1 523
"Sabah"ın parlaq sabahı kimlərdi? - ARAŞDIRMA+GENİŞ SİYAHI

"Sabah" üçün arxada qalan mövsüm heç də ürəkaçan notlarda başa çatmadı. Belə ki, komanda son anda avrokuboklara vəsiqə verən 4-cü pilləni əldən verdi.

Amma çox da üzülməyə dəyməz. Bu gün nəticə üzücü olsa da, sabaha ümid böyükdür.

Bunu komandanın aşağı yaş qrup millilərə verdiyi futbolçu sayına baxmaqla görmək çox asandır. Belə ki, U-20 millisində 8, U-21 millisində isə 6 "Sabah"lıya yer verilib.

Əksəriyyəti də milli komandalarımızın əsas simalarından sayılır. Və son matçlardakı performansları kifayət qədər diqqət cəlb edir.

U-20 millisinə dəvət alan 8 "Sabah"lının adı və millidəki performansları:

Rüstəm Samiqullin, Nemət Musayev, Mirəli Əhmədov, Abdulla Rzayev, Veysəl Rzayev, Camal Cəfərov, Samir Məhərrəmli və Nazim Həsənzadə.

Özbəkistanla son yoxlama oyununda (3:2) start heyətində yuxarıdakı 8 oyunçudan 7-si yer alıb. Oyunda vurulan hər 3 qolun müəllifi də “Sabah”ın futbolçusu Camal Cəfərov olub.

U-21 millisinə dəvət alan 6 "Sabah"lının adı və milli sərgüzəştləri:

Yusif İmanov, Arsen Ağcabəyov, İldar Ələkbərov, Abdulla Xaybulayev və Ceyhun Nuriyev. Hazırda Latviyanın “Dauqavpils” klubunda icarədə olan, müqavilə ilə “Sabah”a məxsus olan Şakir Seyidov.

Estoniya ilə seçmə mərhələ oyununda bu futbolçulardan üçü – Ceyhun Nuriyev, İldar Ələkbərov və Şakir Seyidov şans qazanıb.

Ceyhun Nuriyev isə 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalmağı bacarıb.

Və ən önəmli məsələ odur ki, heç də milliyə dəvət alan gənclər Masazır təmsilçisinin ehtiyat qüvvəsi deyil. Hər nə qədər komanda yüksək hədəflər uğrunda mübarizə aparsa da, futbolumuzun gələcəyi sayılan gənclərə şans verməyi də unutmur.

Bir sözlə, çətin olsa da komanda yüksək yerlər uğurunda hədəfini qorumaqla bərabər, gənclərə şans verməyi də unutmur.

Bunu həmin futbolçuların daxili yarışlardakı statistik göstəricilərinə baxmaqla rahat görmək olar.

Son mövsümdə “Sabah”ın heyətində meydana çıxmış 2000-ci il təvəllüdlü və daha gənc futnolçular (Premyer Liqa və kubok daxil olmaqla):

Camal Cəfərov (2002) 13 oyun (11 Premyer Liqa, 2 kubok)

Yusif İmanov (2002) 8 oyun (8 Premyer Liqa)

Veysəl Rzayev (2002) 4 oyun (4 Premyer Liqa)

Ceyhun Nuriyev (2001) 18 oyun, 2 qol (15 oyun, 2 qol Premyer Liqa, 3 oyun kubok)

Abdulla Xaybulayev (2001) 13 oyun (12 oyun Premyer Liqa, 1 oyun kubok)

İldar Ələkbərov (2001) 8 oyun (8 oyun Premyer Liqa)

Kamran Quliyev (2001) 5 oyun 1 qol (4 oyun Premyer Liqa, 1 oyun 1 qol kubok)

Şakir Seyidov (2000) 6 oyun (5 oyun Premyer Liqa, 1 oyun kubok)

Arsen Ağcabəyov (2000) 1 oyun (1 oyun Premyer Liqa)

Xanoğlan İmanov

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə hazırlanıb.

Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti