“Çinar” böyük futbolu Zəngilana qaytarmaq istəyir

30 May 2021 00:42 Region Liqası 1 840
“Çinar” böyük futbolu Zəngilana qaytarmaq istəyir

Yaşadığım Bayıl qəsəbəsində alış-veriş edərkən stadionun gur işıqları diqqətimi çəkdi.

Premyer Liqada mübarizə bitibsə, “Səbail”in ev oyunu qalmayıbsa, görəsən, axşam saatlarında burda oynayan kimdi?

Marağıma əsir düşüb, stadionun yolunu tutdum. Tribunalardakı fanatları görəndə bir qədər də ürəkləndim.

Belə məlum oldu ki, indicə meydana “Çinar”la “Mübariz” çıxacaq. “Nə “Çinar”, nə “Mübariz” düşüncəsi ilə mən də tribunada yerimi rahatladım.

Oyunu lentə alan şəxsin sözlərindən belə məlum oldu ki, burda “Zəfər kuboku”nun final oyunu keçirilir. Söhbət əsnasında onu da öyrəndim ki, Vətən Müharibəsinin şəhidlərinin xatirəsinə həsr olunan turnir fevralın 28-də başlayıb,

A qrupunda “Çinar”, “Mübariz”, “Balaxanı”, “Xəzri”, B qrupunda isə “Bayıl Rovers”, “Gənclik”, “Gənclər” və “Dream” komandaları mübarizə aparıb. Yarımfinalda “Mübariz” “Gənclik”i 5:2, “Çinar” “Bayıl Rovers”i 4:1 məğlub edib.

Bəribaşdan deyim ki, oyun final statusuna tam layiq idi. Yəni komandalar bir-biri ilə barışmaz mübarizə aparır, heç biri uduzmaq istəmirdi.

Zəngilanlılar oyunun gedişində 2:0 irəli çıxsa da, Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyan rəqib cərimə zərbələri sayəsində hesabı bərabərləşdirdi.

Cərimə zərbələri yerinə yetirilərkən “Çinar”ın qapıçısı İsmayıl Mirzəzadə, yumşaq desəm, inamsız təsir bağışladı. İlk yarı 2:2 bitdi. 2-ci hissənin əvvəlində “Çinar” 3-cü qolu vurdu və bundan sonra “Mübariz” coşdu.

Ardıcıl 3 qoldan sonra hesab artıq 5:3 bu komandanın xeyrinə idi. “Çinar” sonda qollardan birinin əvəzini çıxsa da, hesabı bərabərləşdirməyə nə vaxtı qalmışdı, nə də gücü.

Oyundan sonra pandemiyanın tələbləri nəzərə alınmaqla mükafatlandırma mərasimi keçirildi. “Çinar”ın bu oyunda dubl edən hücumçusu Ruslan Vorontsova turnirin bombardiri (18 qol) üçün nəzərdə tutulan mükafat verildi.

Zəngilan komandasının baş məşqçisi Anar Dünyamalıyev nə qədər məyus görünsə də, suallarımı cavablamaqdan boyun qaçırmadı.

- Bu komandanı yaratmaq ideyasi kimə məxsusdu? Niyə məhz "Çinar"?
- İdeya mənimdi, komandanı 2019-da yaratmışıq. Ada gəlincə, bilirsiz ki, Zəngilan çinarları ilə məşhurdu. Zəngilanın çinar meşəsi Avropada ən böyükdü, dünyada isə Kanadadan sonrakı yeri tutur. Yəni “Çinar” adını seçməyimiz təsadüf deyil.

- Oyunlara necə və harda hazırlaşırsız? Zəngilanlı iş adamlarından, rayon icra hakimiyyətindən komandaya kömək edən olurmu?
- Oyunlara futbolçuların maddi dəstəyi sayəsində hazırlaşırıq. Keçmiş “Şəfa” stadionunun 4-cü meydançasında məşq keçirik. Heç kimdən maddi dəstək olmayıb. Ancaq Anar Əsədli bizə mənəvi dəstək verir. Zəngilanlı iş adamlarının komandamıza dəstək olmasıni istəyirik ki, “Çinar” daha da inkişaf etsin.

- "Çinar"in novbəti hədəfləri nədi? Yaxın gələcək üçün Region Liqasında və ya 1-ci divizionda çıxış etmək niyyətiniz, planınız varmı?
- Növbəti hədəfimiz Region Liqasında iştirak etməkdi. Daha sonra doğma yurdumuza, el-obamıza qayıdanda rayonumuzu 1-ci divizionda və nəhayət, premyer-liqada, hətta avrokuboklarda təmsil etmək niyyətimiz var.

- Bu məğlubiyyətin səbəbini nədə görursüz? Əvvəl 2:0, sonra 3:2 önə çıxsaz da, qələbə hesabını qoruya bilmədiz.
- Rəqib bizdən daha çox məşq edir, əksəriyyəti gənclərdən ibarət olan komandadı. Bizdə isə yaş ortalamasi yüksəkdi. Turnirin bombardiri Ruslan Vorontsovun hesabına 2 top fərqi ilə irəli keçdik, daha sonra elementar səhvlərdən buraxdığımız qollar və hakimin penaltı zamanı vermədiyi qırmızı vərəqə oyunun taleyini həll etdi. Amma rəqibi qələbə münasibətilə təbrik edirəm.

- Oyuna baxarkən heyətinizdə yetərincə fəal olan Fabio adlı futbolçu gördüm. Maraqlıdı, onun “Çinar”la nə əlaqəsi?
- Öz aramızda Fabio deyirik, ad-soyadı Fabian Zittlaudu. Alman-Azərbaycan Xarici Ticarət Palatasında çalışır. Keçmiş futbolçudu, hətta Rüfət Dadaşovla eyni liqada çıxış edib, 2-ci bundesliqa komandalarından Rostok “Hanza”sında oynayıb. Artıq bir ildi bizimlədi, komandamızı çox sevir, çoxlu təklif almasına baxmayaraq, burda qalıb (Futbol+).

HUŞƏNG

Digər Xəbərlər
Xəbər Lenti