"Qəbələ" macarların adlı-sanlı klubu ilə… - FOTO

14 Yanvar 09:09 Qəbələ 206
"Qəbələ" macarların adlı-sanlı klubu ilə… - FOTO

Mövsümün ikinci yarısının hazırlıqlarını Türkiyədə davam etdirən “Qəbələ” bu gün toplanış çərçivəsində ilk oyununu keçirəcək.

Sportinfo.az xəbər verir ki, “qırmızı-qaralar” yoxlama görüşündə Macarıstanın MTK klubu ilə qarşılaşacaq.

Budapeşt təmsilçisi ilə görüş “Karvansaray” otelinin meydançalarında baş tutacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Komandalar ötən qışda da yoxlama oyununda üz-üzə gəlib. Antalyada baş tutan həmin matçda “qırmızı-qaralar” 3:2 hesablı qələbə qazanıblar. “Qəbələ”nin qollarına Cavid Hüseynov, Lalavele Atakora və Sabien Lilay imza atıb.

Rəqiblər Avropa Liqasının 2016-2017-ci illər mövsümündə II təsnifat mərhələsində də qarşılaşıb. Hər iki görüşdə qalib gələn “qırmızı-qaralar” mərhələ adlayıb - 2:1, 2:0.

132 yaşı olan Budapeşt təmsilçisinin əsası 1888-ci ildə qoyulub. Paytaxt klubu 23 dəfə Macarıstan çempionu olub, 12 dəfə ölkə kubokunu, 2 dəfə Superkuboku başı üzərinə qaldırıb. MTK 1963-1964-cü illər mövsümünün UEFA Kuboklar Kubokunun finalçısı olub.

Ötən mövsümü uğursuz keçirən komanda yüksək dəstədə 11-ci yeri tutaraq 2-ci liqaya yuvarlanıb. Cari çempionatın 20 matçında 46 xal toplayan MTK qış fasiləsinə yarışın lideri kimi yollanıb.

“Qəbələ” Antalyada daha üç yoxlama oyununda qüvvəsini sınayacaq. Komandamız yanvarın 18-də Rusiyanın “Çayka”, 22-də Bolqarıstanın “Etar”, 25-də bu ölkənin digər təmsilçisi “Dunav” ilə qarşılaşacaq.

Xəbər Lenti
22 Yanvar 18:00 Platiniyə vəzifə verildi
22 Yanvar 17:01 Şeydayev "Bursaspor"da?