Ağıl bir futbolçu üçün çox şey, elə hər şey deməkdir.
O varsa, qiyməti küpə və kisəyə sığmaz.
«Qəbələ»nin müdafiəçisi İlkin Qırtımovun «Qarabağ»la qarşılaşmanın 40-cı dəqiqəsində yol verdiyi hərəkət müqayisə üçün əsl nümunədir.
Bir var, görmək, bir də var, hiss etmək. İlkin Qırtımovun Marko Yankoviçin sinəsinə endirdiyi zərbənin ağrısını bir qırmızı vərəqə ilə sakitləşdirmək olmaz.
Meydanın mərkəzində bu cür hərəkətə nə gərək var idi axı. «Qəbələ»nin müdafiəçisi yersiz kobudluğu ilə güc nisbətini «Qarabağ»ın xeyrinə dəyişdi, bu da yekun nəticəni müəyyənləşdirdi.
Oyunda başqa neqativ hərəkət qeydə alınmadı, referi Nicat İsmayıllı yalnız iki dəfə əlini cibinə atdı.
Fasilədə qərarlarına etiraz edən «Qəbələ»nin baş məşqçisi Elmar Baxşıyevlə köməkçisi Rasim Ramaldanovu sarı vərəqə ilə «mükafatlandırdı».
Görünür, Qırtımova göstərilən «qırmızı»ya etiraz edirlərmş. Halbuki epizodu VAR-da incələməyə lüzum da artıq iş idi.
Hər şey göz qabağında oldu, referi 3 dəqiqəlik məcburi taym-aut götürməklə futbolun özünə hörmətsizlik elədi. İlkinin konq-fu həmləsinin qarşılığı birmənalı «qırmızı» idi, onu da o dəqiqə göstərmək lazımıydı.
Baxşıyev bu epizodun üstündən baş hakimə etiraz bildirməklə, öz yanlışını ört-basdır cəhdində bulundu deyərdim.
Necənci dəfədir ki, onun futbolçuları idmançıya yaraşmayan hərəkətlərlə gündəmə gəlir. Yaxın keçmişə boylansaq,
«Sumqayıt»la oyunda Rövlan Muradov, indi də İlkin Qırtımov… Elə bil, «Qəbələ»nin formasını geyinənlər özlərinə söz veriblər ki, hər tur bir hoqqa çıxaracaqlar.
Baş məşqçinin zəhmi zəhm, sözü söz olsa, pozuntu hallarının boyu qısalar. «Qəbələ»də məhz bu çatışmır.
Elmar Baxşıyevu dindirirlər, amma dinləmirlər.
Danışmağa danışdırırlar, sadəcə, danışdıqlarını önəmsəmirlər.
Dediklərinə qulaq verirlər, gəl ki, qulaq asmırlar.
Gülməyin və təəccüblənməyin, bu, doğrudan da, belədir.
Elmar Baxşıyevə sayğı duyan futbolçu(lar) komandanın halına yanar, rəqibinə təpik vurmaz. O isə xasiyyətcə çox yumşaq biridir, qarşısını ala bilmir bunların.
Artıq məsələyə idarəçilər qarışmalıdır. Komandaya nəzarəti gücləndirməlidirlər. Prezident Fariz Nəcəfov, baş menecer Nail Kərimov VİP-lojadan aşağı enməli, qayda-qanun yaratmalıdır.
Nəhayət, qəbul etməlidirlər ki, Baxşıyev «persona-no-qrat»a dönüb, öhdəsindən gəlmir. Nə işinin, nə də komandanın.
Önləri kəsilməsə, futbolçular baş məşqçinin özünü təhdid edəcəklər. Bu minvalla, kameralar həmin epizodu da tezliklə qeydə alacaq.
Etiraf ziyanın yarısından dönməkdir. Baxşıyev, ola bilsin ki, öz zəifliyini hələ bir müddət etiraf etmək istəməsin. Amma görünən köyə bələdçi nəyə lazım, komandanın ipini öz əlinə yığmaqda acizdir.
“Qəbələ” rəsmiləri, sözüm sizədir – baş məşqçiyə kömək edin, ortalıqda tək buraxmayın. İdarəçilyi aşağı səviyyədədir, yardım əlini uzadın, vəziyyətdən çıxsın.
Düşmən deyil e, sizlərdən biridir, illərdir “Qəbələ”nin xidmətindədir.
MUSA

