"Qəbələ"ni gözləyən təndir

1 Oktyabr 2022 09:40 Qəbələ 643
"Qəbələ"ni gözləyən təndir

«Qəbələ»nin Premyer Liqanın ilk dövrəsini liderlər qrupunda bitirəcəyi dəqiqdir.

Beşinci qələbəni dünən «Səbail» üzərində qazandılar.

Bir az «get-gəl» oyunu oldu. Ümumi gedişat qonaqların 3 xal əldə edəcəyindən xəbər verməsə də, Ülvi İsgəndərov xilaskar libasını əyninə keçirərək, Elmar Baxşıyevin ürəyinə su səpdi.

Qarşılaşmanın böyük bölümünü azlıqda keçirən ev sahiblərinin müqavimətini qırmaq üçün «Qəbələ» heç nə etmədi.

44-cü dəqiqədən etibarən say üstünlüyü əldə edən «Qəbələ»nin normal vaxtın tamamında yenidən fərqlənməsini taleyin lütfü adlandırsaq, daha düzgün çıxar.

Dəfələrlə qeyd etmişik, amma görünür, Elmar Baxşıyev hələ də əsas məsələyə diqqət yetirmək istəmir, öz kiçik «dünya»sından ayılmır, hələ də o tərəflərdədir, aram-aram gəzişir özüyçün.

Neçə vaxtdır, komandada bir gərginlik və əsəbilik hökm sürür. Futbolçular arasında münasibətlərin xoş olmadığına əmin olmaq üçün eynək taxmaq lazım deyil.

Bir-birlərinə tez-tez etiraz etmək, narazı şəkildə əl-qol ölçmək adi hala dönüb. Kim topu itirdisə, qol fürsətini qaçırdısa, o dəqiqə yanındakı komanda yoldaşı səsinin tonunu qaldırır, hirsli formada ona nəsə deyir.

Nə yeyiblər, nə içiblər, hara tələsirlər, qarşılarına nə məqsəd qoyublar - gəl, baş aç da! Avrokuboklara vəsiqə üçündür bunlar? Bəlkə mükafat üçün?

Açığı, güman eləmirəm ki, klub rəhbərliyi belə bir tələb irəli sürsün, desin, Biləcəridən o tərəfdə bizi gözləyirlər, mütləq qitə səhnəsinə çıxmalıyıq.

Bu gərginlik bir gün partlaq verəcək, «partlayış»a çevriləcək. Çox uzaq tarixdə yox özü də. Elə bir az keçəndən sonra nə olacaqsa, nə olmalıdırsa, olacaq.

«Tələsən təndirə düşər» məsəli boş yerə deyilməyib ki…

Xəzər Hikmət

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"