Premyer Liqanın 4-cü turunun gərgin matçlarından biri Qəbələdə baş tutdu.
Burada yerli komanda "Sabah"ı qonaq etdi. Kifayət qədər maraqlı alınan qarşılaşma qonaqların «quru hesab»lı qələbəsi ilə (0:2) başa çatdı.
Oyun həm də baş hakim Əliyar Ağayevin bir mübahisəli qərarı ilə yadda qaldı.
"Qəbələ" tərəfi iddia edir ki, 35-ci dəqiqədə cinahdan asma zamanı Ramon Maçadonun başla vurduğu zərbə qonaqların müdafiəçisi Abdulaye Banın əlinə dəyib.
Əliyar Ağayev VAR-la məsləhətəşdikdən sonra küncdən zərbə qərarı verib. Məlum epizod sosial şəbəkələrdə də geniş müzakirəyə yol açıb.
Əksəriyyətin gözlədiyi isə epizodla bağlı VAR-la baş hakim arasındakı dialoqun səs yazısının ictimaiyyətdə yayılmasıdır.
Axı "Zirə" - "Sumqayıt" görüşünün (0:0) son dəqiqələrində penalti epizodu ilə bağlı VAR otağı ilə baş hakim arasında gedən dialoqun səs yazısı ictimaiyyətə təqdim edilmişdi.
Amma kiçik araşdırmadan sonra məlum oldu ki, belə istəyin növbəti dəfə baş tutma ehtimalı sıfıra bərabərdir.
Çünki Hakimlər Komitəsinin belə bir öhdəliyi yoxdur. Ümumiyyətlə, klublar da hər oyun hansısa şübhəli epizodla bağlı müzakirənin səs yazısını tələb edə bilməzlər.
Məlum oyundakı səsyazının yayılması, sadəcə, futbol ictimaiyyətini marifləndirmək məqsədi daşıyıb və bir daha bu təcrübədən istifadə edilməsi nəzərdə tutulmayıb.
Bir də yaxşı olar ki, «Qəbələ»nin məşqçi korpusu öz işinə vaxt ayırsın, bu kimi mövzulara davamlı baş qoşmasın. Hakimliyə qalsa, bu, «qırmızı-qaralar»ın ənənəvi problemidir.
Ədalət təmsilçisi statusu daşıyan «fit sahibləri» ötən 14-15 ildə «Qəbələ»yə qənim kəsilib, onlara «qan uddurub», qələbələrdən, titullardan məhrum edib.
Belədir də, kim bunu təkzib edə, «yox, bu cür olmayıb» deyə bilər ki..? Həmin şəxs yüzdəyüz başdanxarab və axmaqdır, inanın.
«Qəbələ» Premyer Liqaya gəldiyi tarixdən özlərini hakim sayanların murdar idarəçiliyinin, ifritəliyinin acısını yaşayıb və yaşamaqdadır.
«Göbəy»i «Qəbələ»də kəsilən Elmar Baxşıyev bütün bunları görə-görə gəlib, nəyə təəccüblənir indi?
Əliyar Ağayev tək-tük təmiz hakimlərdəndir. Klublar onu qarşısına qoyub, başına fırlanmalıdır. Əlindən, ətəyindən öpməlidir.
Pulu əlinin arxası ilə yana itələyən, sifariş yerinə yetirməyən bir tipi var bu FİFA referisinin.
«Sabah»la son oyundakı məlum epizod da Ağayevin personasının üzərinə şübhə toxumu səpə bilməz. Çəkiliş primitivdir, VAR texnologiyasınə məsul şəxslərin təpəsinə daş düşməsin, yazıqdırlar!
Əliyar yox e, Kollina da gəlsə, baş açmaz ki, bu epeizodda Ba həqiqətən topun önünü əllə kəsib, ya kəsməyib. Görüntü bərbaddır, bədbəxt hakim VAR kamerasına yaxınlaşsa, nə olacaq, yaxınlaşmasa, nə olacaq!
Görürük, «Qəbələ» yenibən avrokuboklara vəsiqə qazanmaq arzusundadır. Ötən mövsüm heç kim bu komandanı ciddiyə almadı, aradan sıyrılıb çıxdılar, Konfrans Liqasına bilet əldə etdilər.
Bu gün vəziyyət tam başqadır: «Qəbələ» real rəqib olaraq qəbul görülür.
Elmar Baxşıyev bilir ki, keçənilki nəticəni təkrarlamasa, görəvdən alınacaq. Rəhbərlikdə mövqe tutanların heç də hamısı ona arxalanmır, məşqçi kimliyinə şübhə ilə yanaşır.
Əvvəl Zaur Əzizov var idi, Baxşıyevə dəstək verirdi, əlindən tuturdu, yıxılmağa qoymurdu. İndikilər bu havada deyil, tamam fərqli ambisiya ilə yola çıxıblar.
Elmar Baxşıyev ətrafında cərəyan edən hadisələri görür, bilir və… təlaş keçirir. Bütün bunlar onun diqqətini komandadan ayırır, özünü saman çöpündən yapışmış kimi aparır.
Futbolçularla görməli olduğu o qədər işi var ki, əslində…
Nizam-intizam aşağı düşüb, Ruan Renato, Rafael Utrix və digərləri öz bildiyini edir. Baxşıyev legionerlərin öhdəsindən gəlməyə güclük çəkir, birinə bir söz demir.
Məşqlərdəki «dır-dır» artdıqca, meydandan kənarda «dığ-dığ»a çevrilir yavaş-yavaş.
«Qəbələ» son matçla taktiki cəhətdən «Sabah»la baş aparmağı bacarmadı. Murad Musayev ikinci hissədə etdiyi dəyişiklərlə, əvəzləmələrlə Elmar Baxşıyevə «fora» verdi, 3 xalı alıb apardı.
O, hakimlərə baş qoşmaqdansa. Oturub öz üzərində işləsin, etdiyi səhvləri incələsin. Belə söhbətlər quzunu qurda verəcək yoxsa…
SPORTİNFO.AZ

