«Qəbələ» üçün yeni mövsüm məhz dünən başladı. Və uğursuz alındı.
«Sabah»ı qəbul etdilər, ikinci hissənin əvvəlində və ortasında qapılarında gördükləri qollarla məğlub oldular.
Elmar Baxşıyev ötən mövsümün yekununa əsasən, Konfranas Liqasına vəsiqə qazanmış komandanın baş məşqçisidir. Yayı pis keçirməyib.
Mövsümlərarası hazırlığı Türkiyədə tamamlayıb, yeni legionerləri «əlinin altına yığıb». Əcnəbilərin hesabına güclənən «Qəbələ»nin keçənilki iddiasında qalıb-qalmayacağını ilk 3 tur bəlli etmədi.
«Turan Tovuz», «Şamaxı» və «Kəpəz» Premyer Liqanın ən zəifləridir, onlarla qarşılaşmalar nəsə demək deyil.
Göstərici avrokuboklara yüksəlmək ehtimalı yüksək qiymətləndirilən rəqiblərlə duellərdir və «Qəbələ» ilk belə sınağında «ağ bayraq» qaldırdı.
«Sabah»la yalnız bir hissə başabaş vuruşa bilən «Qəbələ» fasilədən sonra həm taktiki, həm fiziki planda, həm də əvəzetmələrdə qonaqlara uduzdu.
Psixoloji amil də Baxşıyevi narahat etməlidir. Fərqi 2 topa çatdıran Mikelin sevincinə Ruan Renatonun «zəhər qatması» çox yersiz idi.
Braziliyalı müdafiəçi onun səhvindən vurulan qola utanmaq yerinə «Sabah»ın futbolçularının üzərinə atılması xoşagəlməz haldır.
Renato azmış kimi, «Qəbələ»nin digər futbolçuları da dava-dalaşa həvəsli görünürdü. Deyəsən, Baxşıyevin başqa vacib işləri var, yoxsa bunlara başa salardı ki, futbol meydançasını əlbəyaxa döyüş səhnəsi ilə səhv salmayın.
Ümid edirik, vaxt tapıb anladar. Təki gec olmasın.
MUSA

