“Neftçi”nin idman direktoru Zaur Əzizov yenidən “Qəbələ”yə dönə bilər.
Sportinfo.az bununla bağlı əyalət klubundan maraqlı məlumat əldə edib.
Redaksiyamıza daxil olan informasiyaya görə, “qırmızı-qaralar” sabiq baş menecerinin yolunu gözləyir. Əgər o, “Neftçi”dən ayrılmağa qərar verərsə, “Qəbələ” təcrübəli funksionerə rəhbərliyə yer verməyə hazırdır.
Klubun prezidenti Fariz Nəcəfov “qapımız hər zaman Zaur Əzizovun üzünə açıqdır” deyib.
Ötən ilin dekabrında 10 min manat əməkhaqqı qarşılığında “Qəbələ”ni “Neftçi”yə dəyişən Z.Əzizovun hazırda burada işləri qaydasında getmir.
Onun nəzarətinə keçən komandanın uğursuzluğu ard-arda gəlir.
Ötən mövsüm Premyer Liqa və ölkə kubokunda heç bir hədəfinə çata bilməyən “ağ-qaralar” avrokubokların yeni mövsümündə də fiaskoya uğradı,
Konfrans Liqasında güclə bir mərhələ keçdi. Bütün bunlar azmış kimi, Premyer Liqanın 3-cü turunda “Sabah”a 1:2 hesablı məğlubiyyət “Neftçi” azarkeşlərini hiddətləndirib.
Sosial şəbəkələrdə və mətbautda Əzizovun yarıtmaz fəaliyyətinə dair çoxsaylı tənqidi fikirlər yer almaqdadır.

