Elmar Baxşıyev daha deyə bilməz ki...

22 Avqust 2022 09:40 Qəbələ 1 005
Elmar Baxşıyev daha deyə bilməz ki...

Premyer Liqanın yeni mövsümünün ən uğurlu təqvimi “Qəbələ”yə düşüb desək, yanılmarıq.

“Turan Tovuz”, “Şamaxı”, “Kəpəz” - nə gözəl, nə gözəl...

Halvadır da, halva. “Turan”la “Kəpəz” debütantdır və adından da göründüyü kimi, yeni-yeni Premyer Liqaya göz açır, iməkləyir.

Hələ ayaq tutub yeriməyən, heyəti tam formalaşmayan, iddiasız komandaları udmağa nə var ki!

“Şamaxı” da həmçinin. Tamamilə yerli futbolçulara bel bağlamış, bağı olub, bağbanı olmayan bir kollektivdir.

“Qəbələ” üçün yaxşı budur ki, medallar uğrunda mübarizə aparmayan rəqibləri önündə büdrəmədi. Onlardan maksimum xal almaq istər-istəməz Elmar Baxşıyevin xidmətində dayananları iştaha gətirəcək.

Hər halda çempionata 9 xalla başlamaq üstünlükdür və “Qəbələ” gələn həftələrdə uğurlu seriyanın davamını gətirməyə psixoloji cəhətdən daha hazırlı olacaq.

Sözsüz, “Qəbələ” üçün hər şey irəlidədir və avrokuboklara vəsiqə qazanacağını indidən əminliklə iddia etmək tezdir. Öz “bab”ları ilə qarşılaşmalar bu sualın cavabını verəcək.

Nə olur-olsun, daha Elmar Baxşıyev deyə bilməz ki, mənin “əlim zəifdir”, normal heyətim yoxdur, o çatışmır, bu çatışmır. 10 legioner, üstəgəl, yüksək mükafat - Fariz Nəcəfov-Nail Kərimov cütlüyü baş məşqçiyə belə bir imkan yaradıb.

Ona düşən bu imkandan növbəti dəfə yararlanmaqdır.

KAMİL

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti