Bu qələbə "Qəbələ"yə nə verdi?

31 İyul 2022 15:00 Qəbələ 1 176
Bu qələbə "Qəbələ"yə nə verdi?

Konfrans Liqasındakı rəqiblərimiz məlum olanda ən güclü komandanın “Zirə”yə düşdüyü birmənalı deyilirdi.

Amma “Qəbələ”nin rəqibi “Fehervar”ın da “Makkabi”dən geri qalmadığı aydın idi.

Macarlar həm heyətinə, həm də büdcəsinə görə təmsilçimizi qabaqlayırdı.

Hər iki oyunda da bu açıq hiss olundu. Ancaq Elmar Baxşıyevin yetirmələrinə turu keçməsələr belə “sağ ol” düşür.

Səfər matçındakı uğursuz ikinci yarı olmasaydı, komanda bəlkə də bu gün sevinən tərəf idi.

Hətta 1-4 məğlubiyyətə rəğmən “qırmızı-qaralar”ın növbəti mərhələ iddiasının qaldığı açıqlamalardan aydın hiss olunurdu. Yəni kollektiv tam da bədbinlik havasına girməmişdi.

Çətin idi, amma mümkünsüz deyildi. İtirəcək isə nəsə yox idi.

“Qəbələ” doğma meydanda səfərdəki kimi görüşə yaxşı başladı. Tribunaları dolduran fanatların köməyi ilə irəli atılan futbolçular ilk qolu vurmağı da bacardılar. 38-ci dəqiqədə yaxşı hücumu elə Rövlan Muradov da yaxşı zərbə ilə tamamlamağı bacardı. Artan ümidlər verilən penalti zərbəsi ilə ilk "udar"ı görmüş oldu.

Ancaq rəqibin penalti zərbəsini göyə vurması, həm də növbəti mərhələ ümidlərimizi yenidən canlandırmış, göylərə qaldırmış oldu.

Lakin bir neçə dəqiqəlik əlavə motivasiyanı bərabərlik qolu ilə süstlük əvəzlədi.

Hər halda qonaqlar çox vacib məqamda cavab qolunu vuraraq, “Qəbələ”ni fasiləyə bədbin notlarda yola salmağı bacardı.

Meydan sahibləri yenidən 3 qol vurmağın çətinliyini yaxşı dərk edirdilər. Vaxt gedir, güc tükənir, oyunu gücləndirməyə ehtiyatda kimsə də yox. Bu şərtlər altında bərabərlik də əldən çıxa bilərdi. Ən yaxşı halda hesabı qorumaq və ya daha bir qol vurub qələbə qazanmaqla avrokubokların qapısını möhkəm çırpmaq olardı. Ki, “Qəbələ” bunu bacardı.

Fasilədən sonra Felipe Santosun vurduğu qol mərhələ adlamağa olmasa da, qələbə qazanmağa yetərli oldu.

Güclü rəqiblə oyunda təsəlli qələbəsi də alqışa layiq görülməlidir. Təmsilçimiz güclü rəqibi önündə ciddi itkilərə, kasad heyətə rəğmən qələbə qazanmağı bacardı. Bunun sayəsində reytinqimizə əlavə xallar gələcəksə, “Qəbələ”nin də büdcəsi müəyyən qədər zənginləşmiş olacaq.

Elə yeni mövsüm üçün də bu qələbə yeni qığılcım, yeni ümid yaratmış olacaq.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti