“Qəbələ” çıxılmaz vəziyyətdə - Baxşıyev çarə axtarır

27 İyul 2022 16:00 Qəbələ 1 122
“Qəbələ” çıxılmaz vəziyyətdə - Baxşıyev çarə axtarır

İyulun 28-də doğma azarkeşləri önündə “Fehervar”dan bir həftə əvvəlki böyük hesablı məğlubiyyətin qisasını almağı hədəfləyən “Qəbələ” ciddi çətinliklə üzləşib.

Bölgə təmsilçisinin Macarıstanda 1:4 hesabı ilə uduzmasından sonra cavab qarşılaşmasında həmin yenilgini unutdura biləcəyi başqa söhbətin mövzusudur.

“Qırmızı-qaralar”ın üzləşdiyi problem müdafiə xətti ilə bağlıdır.

Baş məşqçi Elmar Baxşıyev bəlkə də “Qəbələ”də işlədiyi dönəmdə bu cür durumla üzləşməyib.

Komandada meydana buraxmağa müdafiəçi tapılmır.

Mərkəz müdafiəçisi Murad Musayev iyulun 21-dəki dueldə qırmızı vərəqə aldığı üçün bu dəfəki oyunu məcburən kənardan izləməlidir. “Qəbələ”də isə onu layiqincə əvəzləyəcək başqası yoxdur.

Ürfan Abbasov bu gün kollektivlə birlikdə olsaydı, müəyyən mənada onun təcrübəsinə bel bağlamaq olardı. Vaxtilə müdafiənin mərkəzində az görünməyib. Amma o da zədədən əziyyət çəkir. Yaşıl meydanlara dönüşü sentyabrdan tez baş tutmayacaq.

Son ümid yeri İlkin Qırtımov idi ki, “MOL Arena”da başına gələn işi hamı gördü. Ölümün bir addımlığından qayıdan təcrübəli simanın psixoloji durumu qaydasında deyil.

Bildiyimizə görə, Baxşıyev Qırtımovun həyatını təhlükə qarşısında qoymaq istəmir. Hətta şans verilsə belə, sarsıntı içində olan birinin komandaya tam gücü ilə kömək edəcəyi çətin görünür.

Üç vacib müdafiəçinin yoxluğunda “Qəbələ” Ruan Renato, Məqsəd İsayev və Rüfət Əhmədovun ümidinə qalıb. Mərkəz müdafiəçilərindən biri Ruan olacaqsa, digərinin kimliyi bilinmir. Məcburiyyətdən həmin mövqedə İsnik Alimi oynadılsa, vay komandanın halına.

İsnik müdafiəçi kimi effektli deyil. Digər tərəfdən onun geriyə çəkilməsi ilə yarımmüdafiə “axsayacaq”.

Allah özü kömək olsun!

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti