“Oyunun təbliğatı ilə bağlı üzərimizə düşən işi görmüşük. Şəhərin müxtəlif yerlərində, eləcə də kəndlərdə afişalar yerləşdirilib”.
“Qəbələ”nin əsas azarkeş qrupu olan “Red Black Army”nin rəhbəri Cavad Şərifli Sportinfo.az-a açıqlamasında Avropa Konfrans Liqası çərçivəsində baş tutacaq “Fehervar”la oyunla bağlı planlardan danışıb.
Bölgə təmsilçisinin səfər qarşılaşmasında 1:4 hesabı ilə məğlub olduğunu nəzərə alsaq, komanda üzvləri bu dəfə azarkeş dəstəyinə bel bağlayacaq. Bunun üçün Qəbələ şəhər stadionunda boş yer tapılmamalı, anşlaq yaşanmalıdır.
Maraqlıdır, iyulun 28-də stadion tam dolacaq? Azarkeşlər qonaq futbolçuların “ayaqlarının əsməsinə” səbəbkar ola biləcək?
Şəriflini dinləyək:
“Tək bizdə yox, ümumi Azərbaycanda azarkeşlər bilet almağa əsasən oyun günü maraq göstərir. Ona görə də hələ ki, bilet satışı istədiyimiz kimi getmir. Biletlərin oyun günü tam satılacağına ümid edirik.
Qəbələ camaatı futbol üçün darıxıb. Üstəlik, komandamız avrokuboklarda iştirak edir.
Düzdür, ilk oyundakı böyük hesablı yenilgi azarkeş sayına müəyyən mənada təsir edəcək. Lakin bunun böyük problem olacağına inanmıram.
İndiyə qədər nəticədən asılı olmayaraq, “Qəbələ”nin yanında olmuşuq, bundan sonra da o cür davam edəcəyik. Hətta mərhələ adlamaq şansımız 3-5 faizdirsə belə, biz ən yaxşısına ümid edib komandamıza 90 dəqiqə lazım olan dəstəyi verəcəyik.
“Red Black Army”nin neçə nəfərlə təmsil olunacağını indidən deyə bilmərəm. Oyun günü toplaşanda sayımız bilinəcək. İnşallah, bizə ayrılan sektoru dolduracağıq”.
“Qəbələ” – “Fehervar” oyunu iyulun 28-i, Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

