«Mən mərhələ keçmək şansımızın qalmaması haqda fikirlərlə razı deyiləm».
Bu sözləri Sportinfo.az-a açıqlamasında «Qəbələ»nin baş məşqçisi Elmar Baxşıyev deyib.
Əyalət təmsilçisi iyulun 28-də Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində «Fehervar»la cavab qarşılaşmasına çıxacaq.
Macarıstanda keçirilən ilk görüşdə rəqibinə 1:4 hesabıyla uduzan «qırmızı-qaralar» revanşa hazırlaşır. Hər halda Baxşıyev belə söyləyir:
«Kimsə əl-qolumuzu yanımıza salacağını gözləyirsə, səhv edir. Biz Macarıstanda oyunu uduzmuşuq, mərhələni yox.
Qoy, «Fehervar»ın baş məşqçisi Mixael Boris «Qəbələ»yə neçə qol vurmaq barədə nə düşünür, düşünsün. Bu, məni maraqlandırmır.
Biz də onlara qarşı sürpriz hazırlamışıq. Hələlik bu haqda geniş danışmaq istəmirəm. İyulun 28-də öz meydanımızda oynayacağıq.
Bizə, sadəcə, azarkeşlərin güclü dəstəyi lazımdır. Əhval-ruhiyyəmiz yaxşıdır. Komandamda rəqibdən qorxu hissi yoxdur. Öz gücümüzə inanırıq».

