«O, dünəndən fərdi məşqlərə başlayıb, vəziyyəti qorxulu deyil».
Bu sözləri Sportinfo.az-a açıqlamasında «Qəbələ»nin baş məşqçisi Elmar Baxşıyev deyib.
O, Konfrans Liqasının II təsnifat mərhələsinin «Fehervar»lai lk matçında (1:4) ölümdən dönən İlkin Qırtımovun son durumundan danışıb.
Çalışdırıcı Macarıstandakı qarşılaşmanın 37-ci dəqiqəsində rəqiblə toqquşma zamanı huşunu itirən və dili qatlanan müdafiəçinin cavab görüşündə meydana çıxmaq şansının az olduğunu bildirib:
«Hələ oyuna bir neçə gün var. İlkin komanda ilə məşqlərə qoşulması özünü necə hiss etməsindən asılıdır.
Açığı, risk etmək istəmirik. İlkinin həmin hadisəni tamamən unutmasını istəyirik. Çünki o epizod hər birimizi çox qorxutdu.
İlkin meydanda olduğu vaxt oyunumuz daha yaxşı gedirdi. Zədələnib çıxandan sonra vəziyyət dəyişdi və dörd qol buraxdıq.
İnanırsız, fasilədə bütün uşaqların fikri onun yanında idi. Hamı maraqlanırdı ki, xəstəxanadan nə xəbər gələcək.
İkinci hissədə «Fehervar» təzyiqi artırdı, bir yandan da bu hadisə – hamısı üst-üstə düşdü, tab gətirmədik. Yenə şükür ki, MRT İlkində ciddi nəsə aşkarlanmadı.
Biz qorxurduq ki,beyin silkələnməsi keçirib. Huşunu itirməsi və dilinin qatlanması ani şok zərbənin təsiri imiş».

