İspaniyanın məşhur “Marca” qəzeti Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin “Fehervar”la oyunda “Qəbələ”nin müdafiəçisi İlkin Qırtımovun qorxunc zədə almasından və kapitan Asif Məmmədovun ona yardım etməsindən yazıb.
Sportinfo.az xəbər verir ki, “Konfrans Liqasında faciə: Məmmədov Kyaer libasında” adlı yazıda Asif Məmmədovun həkimlər çatana qədər komanda yoldaşının həyatını xilas etməsi diqqətə çatdırılıb:
"Rəqib futbolçu ilə toqquşmadan sonra İlkin Qırtımov çox pis vəziyyətdə idi. Zərbə çox qüvvətli olduğundan “Qəbələ”nin futbolçusu yerə yıxıldı.
Komanda yoldaşının yerdə huşsuz vəziyyətdə qaldığını və nəfəs ala bilmədiyini görən Asif Məmmədov tez həkimləri çağırdı.
Həkimlər gələnə qədər isə Məmmədov Qırtımovun dilini udmasına imkan vermədi.
Komanda yoldaşının çənəsini buraxmayan futbolçu son Avropa çempionatında Kyaerin Erikssen üçün etdiklərini təkrar etdi və Qırtımovun həyatı xilas olundu".
Qırtımov daha sonra xəstəxanaya aparılıb və bir neçə saat həkim nəzarətində olub. Hazırda isə komanda ilə birgə Bakıya qayıdan futbolçunun durumu yaxşıdır.


