“Sadəcə yadımda qalan odur ki, ikili mübarizədə topu mən vurandan sonra ağzım rəqib oyunçunun çiyninə dəydi.
Bunu hiss etdim. Epizodun davamında heç nə yadımda qalmayıb”.
Bunu Sportinfo.az-a açıqlamasında Konfrans Liqasının ikinci təsnifat mərhələsinin “Fehervar”la ilk matçın 37-ci dəqiqəsində ciddi zədə alaraq huşunu itirən və ambulansla stadiondan birbaşa klinikaya aparılan İlkin Qırtımov deyib.
“Qəbələ”nin üzvü ilk yardıma görə kapitan Asif Məmmədova təşəkkür edib. O, hətta həmin anda belə oynamağa hazır olduğunu dilə gətiribmiş:
“Sonradan təkrara baxanda olanları gördüm. Allah Asifin canın sağ eləsin. Həqiqətən bir kapitan kimi hər zaman olduğu kimi orda da ilk köməyə gələn, yardım edən oldu.
Hətta ona oynamaq istədiyimi bildirmişəm. Amma mənim o da yadıma gəlmir. Yalnız meydandan kənarda iynələr vurulandan sonra tədricən özümə gəldim və nəsə olduğunun fərqinə vardım”.
Təcrübəli futbolçu hazırda özünü yaxşı hiss etdiyini və ona görə narahat olan hər kəsə minnətdar olduğunu bildirib: “Hər şey yaxşıdır.
Özümü yaxşı hiss edirəm. Məşqçilər qərar versə, məşqlərə qoşulacam. Çox pis hadisə oldu.
Soruşanlar, yazanlar, narahat olanlar çox oldu. Hər birinə dərin təşəkkürümü bildiriəm. Var olsunlar. Minnətdaram”.
XANOĞLAN

