Özü Dunay çayında batan, İlkini ölümün pəncəsindən xilas edən “Qəbələ”

22 İyul 2022 17:00 Qəbələ 1 148
Özü Dunay çayında batan, İlkini ölümün pəncəsindən xilas edən “Qəbələ”

«Fehervar»ı «Qalatasaray»la oyunda izləmək və daha yaxından tanımaq imkanımız oldu.

Macarlar Türkiyə nəhənginə səliqəli və sürətli futbol təklif etdi, yekunda da qələbə qazandı.

Bu qarşılaşmanı görəndən, aldıqları yeni futbolçuların qiymətini öyrənəndən sonra açığı, «Qəbələ»nin halına acıdım. 1:4 hesablı məğlubiyyət gözləntilərimin özü deyil – mən bunu da etiraf etmək istəyirəm.

Bəndəniz «Qəbələ»dən daha böyükhesablı yenilgi gözləyirdi. 6-7 qolluq bir hesab yəni.

Yaxşı qurtardılar. Bu məğlubiyyətə üzülməyə dəyməz. Üzüntü yaradan hal İlkin Qırtımovun başına gələn hadisədir.

37-ci dəqiqədə yaşanan olay, düşünürəm ki, hər bir azərbaycanlını qorxutdu. Aman Tanrım. Bu futbol nə acımasız imiş..!

Yaradan İlkini əzizlərinə, yaxınlarına bağışladı. Rəqiblə toqquşma sonucu huşunu itirərək yerə sərilən müdafiəçini o vəziyyətdə görmək, sadəcə, dəhşət idi. Yenə sağ olsun Asif Məmmədov və komanda yoldaşları.

Kapitan cəld və ürəkli tərpənməsəydi, dili qatlanmış İlkini nə gözləyirdi, heç təsəvvür belə, etmək istəmirdim. Yüz avrokubok oyunu qurban olsun bir azərbaycanlı futbolçunun cavan canına!

«Qəbələ» bu hadisənin təsirindən sarsıldı. Meydandan xərəkdə aparılmış Qırtımovun xəstəxanaya çatdırılmasından paltardəyişmə otağında xəbər tutan yoldaşları məşqçilərin təlimat və tapşırıqlarını eşitməz oldu.

Gözləri yolda, qulaqları səsdə olan futbolçuların ikinci hissədə yol verdiyi fərdi səhvləri başqa yerə yozmayaq.

Dilxor olmuş «Qəbələ»liləri heç «Qrad»ın uğultusu da ayılda bilməzdi. Murad Musayevin qırmızı vərəqə ilə oyundan atılması, ardınca son saniyələrdə gələn dördüncü qol «Qəbələ»yə yuxu kimi göründü.

Elmar Baxşıyev bu dəqiqələrdə texniki zonada o tərəf-bu tərəfə vurnuxmaqla nə etmək istəyirdi, nə fikirləşirdi, mənə maraqlıdır.

Əlim çatmır ona, yoxsa özündən soruşardım. «Mol Arena»nın möhtəşəm qazonuna sərilən futbolçularının miskinliyi Baxşıyevi daxilən incidirdi yəqin.

Edə biləcəyi heç nə yox idi, zatən.

Səhv eləmirəmsə, «Qəbələ»nin dünən meydana çıxan oyunçularından yalnız Asif Məmmədov avrokuboklarda iştirak edib, qalanları isə karyeraları ərzində ilk dəfə idi ki, bu çapda bir yarışda forma şansı qazanırdı.

Day neyləmək olar, futbolumuzun reallığı «Qəbələ»ni Dunay çayının sol sahilində Avropa standartlarının altında əzilməyə məhkum edir.

Xəzər Hikmət

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti