Salam. Hə, nə var, nə yox?
Necəsiz, iş-gücünüz necədir?
«Qəbələ» liderdir, siz necə, yaxşısız?
İlk 3 turdan sonra «Qəbələ»nin aktivindəki xal sayı 7-dir. «Neftçi» səfərindən heç-heçə ilə dönən əyalət klubu «Keşlə» və «Sabah»a qalib gəlib, yüksəlişdədir.
Bu komandanın potensialı var, legioner seçimində uduzmayıblar demişdik. Dediklərimiz zamanla öz təsdiqini tapır.
İki ildən artıqdır burada olan Yaovi Akakpo artıq ortada yeyib, kənarda gəzmir. Həm oynayır, həm qol vurur.
Son olaraq düşərgəyə gələn Omar Hani də papağını günə vermək üçün Azərbaycana ayaq basmayıb.
İordaniyalı vingerin sürəti «Qəbələ»yə hələ çox kömək edəcək. Bir az boş zona tapan su kimi axıb gedən güc var onda, rəqiblərə başağrısı olacaq.
Bu «Qəbələ» ötənilkindən bir-iki addım öndədir. Yeni gələn legionerlər özünü burada tez tapıb, yerlilər isə indi daha özgüvənli və təcrübəlidir.
Hər uğurlu oyun onları bir qədər də inamlı edir, növbəti qələbələrə ruhlandırır. Görünür ki, içərilərində «parazit», «mız-mız» edən, hava korlayan yoxdur. Hamı bir nəfər kimi bir yerdədir, yumruğu da bir yerə vurur.
Milçək bir şey deyil, amma bəzən ürək bulandırır. «Qəbələ» ondan da xilas olana oxşayır. Ruhən ehtiraslı, cismən sakit oyun nümayiş etdirirlər.
«Sabah»la oynadıqları futbolun adı əzbərdir: bir-birlərini gözüyumlu anlayırlar. Nəfəs aldırmırlar, nəfəs alırlar.
SPORTİNFO.AZ

