"Biz komandaya təzyiq göstərmirik, sadəcə, düzəltmək istəyirik"

12 Sentyabr 2021 09:20 Qəbələ 1 097
"Biz komandaya təzyiq göstərmirik, sadəcə, düzəltmək istəyirik"

Azərbaycan Premyer Liqasında III tura start verilib.

Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə “Bank Respublika Arena”da başa çatıb.

Turun ilk matçında “Qəbələ” “Sabah”ın qonağı olub. “Qırmızı-qaralar”ın start heyətində ötən turla müqayisədə bir dəyişiklik olub. Asif Məmmədov ilk dəqiqələrdən meydana çıxıb. O, “11-lik”də Rüfət Əhmədovu əvəzləyib.

Görüş qarşılıqlı hücumlarla başlayıb. İlk yaddaqalan zərbə “Qəbələ”dən gəlib. Yaovi Akakponun zərbəsini rəqib qapıçı küncə çıxarıb.

Hissənin ortalarında təşəbbüsü ələ alan “qırmızı-qaralar” ardıcıl bir neçə təhlükə yaradıb. Lakin Rövlan Muradovla Yaovi Akakponun zərbələri qol üçün yetərli olmayıb.

Murad Musayevin zərbəsindən sonra top qapının yanından ötüb. Meydan sahibləri də hücumlar təşkil etsə də, arxa xətdə inamlı oynayan komandamızın sürətli əks-həmlələri daha yaddaqalan alınıb.

İkinci hissəyə də “Qəbələ” daha fəal başlayıb. Bu, çox keçmədən hesabın açılması ilə nəticələnib. Asif Məmmədovdan ötürmə alan Rövlan Muradov Yaovi Akakponu qapıçı ilə üz-üzə qoyub.

Gənc hücumçu əlverişli imkandan yararlanaraq mövsümdə ikinci qoluna imza atıb – 1:0. Hesab açıldıqdan sonra Bakı klubu hücuma atılıb.

Belə həmlələrin biri zamanı Aleksey İsayevin təhlükəli zərbəsini Nicat Mehbalıyev zərərsizləşdirib. Gənc qapıçı qısa müddətdə daha bir neçə dəfə oyuna daxil olaraq inamlı çıxış edib.

Rəqib təzyiqi artırdıqca “qırmızı-qaralar” daha çox əks-hücum imkanı qazanıb. Belə epizodların birində Rafael Utriq cərimə meydanına qədər irəliləsə də, qapını dəqiq nişan ala bilməyib.

Görüşün sonlarında “qırmızı-qaralar” hesabı artırmaq üçün ardıcıl imkanlar qazanıb. Öncə Omar Haninin ötürməsində dəqiqlik çatmayıbsa, ardınca Ülvi İsgəndərovun zərbəsi dirəkdən dönüb.

O, uzatma dəqiqələrində fərqi artırmağa müvəffəq olub. Ona Omar Hanidən ötürmə alan Rafael Utriqin assist edib. Beləliklə, 2:0 hesabı ilə qalib gələn “Qəbələ” mövsümdə ilk səfər qələbəsini qazanıb.

Məğlubiyyətsiz irəliləyən komanda xal hesabını 7-yə çatdıraraq turnir cədvəlinin 1-ci pilləsinə yüksəlib.

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev: “Öncədən bizi çətin səfər oyununun gözlədiyini bilirdik. “Sabah” yaxşı komandadır.

Rəqibimiz heyəti yaxşı keyfiyyətlərə malik yerli və əcnəbi futbolçulardan təşkil olunmuş komandadır. “Sabah” öz oyun dəst-xətti ilə seçilən komandadır.

Həftə ərzində belə oyuna hazırlaşmışdıq. Komanda meydançada istədiyimizi nümayiş etdirdi layiqli qələbə qazandıq.

Komandaya müdafiəyə çəkilmək tapşırığı verilməmişdi. Rəqib yaxşı hücumameylli futbolçulara malik olduğundan öz zonamızda qarşılamağa məcbur idik.

Amma təkcə müdafiəyə çəkilmək fikrində deyildik. İkinci planımız əks-hücumlarla bağlı idi ki, bu da uğurlu alındı.

Ötən mövsüm daha çox qol imkanı yaratsaq da, yararlana bilmirdik. Amma indi daha az epizod əldə edir və bunları dəyərləndiririk.

Bunu ustalıq səviyyəsi ilə əlaqələndirməzdim. Eyni futbolçulardır. Ötən mövsümdə də heyətimizdə olan Ülvi İsgəndərov indi qollar vurur.

Sırf avrokuboklara getməliyik kimi hədəfimiz yoxdur, qarşıdakı oyunu fikirləşirik. İnanıram ki, bu komanda daha artığını etməyə qadirdir.

Hər mövqedə lider futbolçularımız var. Onlar oyuna təsir edə biləcək potensialdadırlar. Əlbəttə, güclənməyə də ehtiyac var. Bir hücumameylli futbolçu olsa, məmnun qalardıq.

Klub baş məşqçiyə inam verir, öz bacarığını göstərməyə imkan yaradır. Biz də komandaya təzyiq göstərmirik, sadəcə yanaşmasını düzəltmək istəyirik.

Bu, hərdən alınır, hərdən yox. Bu komanda inkişafdadır və daha yaxşı ola bilər. Asif Məmmədov bizim üçün önəmli futbolçudur, zədəsi ciddi deyil.

Onun meydanda olması üstünlüyümüzdür. Komandamızda onun davamçısı da yetişir. Gələcəkdə Emil Səfərovun üzərində dayanacağıq.

Omar Hani hələ 50 faiz hazır deyil. Futbolsuz qalıb, ardınca bizə yeni qoşulub. O, daha yaxşı oyun göstərməyə qadirdir”.

“Sabah” – “Qəbələ” 0:2

“Bank Respublika Arena”, 1000 tamaşaçı

Baş hakim: Rauf Cabarov

Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Müslüm Əliyev

Dördüncü hakim: Kamranbəy Rəhimov

Hakim-inspektor: Zöhrab Qədiyev

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev

Sarı vərəqələr: Kristian Sebalyos, 23 (oyunun bərpasının ləngidilməsi); İldar Alekperov, 26 (qeyri-idman hərəkəti); Bəxtiyar Həsənalızadə, 56 (qeyri-idman hərəkəti); Elvin Camalov, 76 (qeyri-idman hərəkəti) // Murad Musayev, 27 (qeyri-idman hərəkəti); Nicat Mehbalıyev, 90+1 (oyunun bərpasının ləngidilməsi)

Qollar: Yaovi Akakpo, 53; Ülvi İsgəndərov, 90+3

Artırılan vaxt: I hissədə yoxdur; II hissədə 5 dəq.

“Sabah”

16. Saşa Stamenkoviç (k)

14. Slavik Alxasov

(24. Mixeil Erqemlidze, 59)

2. Amin Seydiyev

10. Aleksey İsayev

34. Bəxtiyar Həsənalızadə

4. Elvin Camalov

20. Coy-Lens Mikels

17. Xuan Kamara

55. Şpiro Periçiç

(26. Fofana Tiemoko, 83)

11. Kristian Sebalyos

21. İldar Alekperov

(77. Veysəl Rzayev, 90+2)

Ehtiyat oyunçular:

1. Səlahət Ağayev

94. Yusif İmanov

3. Zurab Oçiqava

5. Arsen Ağcabəyov

6. İdris İnqilablı

66. Abdulax Xaibulaev

33. Camal Cəfərov

Baş məşqçi: Ramin Quliyev

“Qəbələ”

94. Nicat Mehbalıyev

19. Rövlan Muradov

(10. Omar Hani, 75)

11. Asif Məmmədov (k)

(77. Emil Səfərov, 84)

28. Murad Musayev

27. Məqsəd İsayev

34. Urfan Abbasov

17. Yaovi Akakpo

(14. Ülvi İsgəndərov, 75)

8. Stefan Vukçeviç

23. Rafael Utziq

5. İsnik Alimi

4. Ruan Renato

Ehtiyat oyunçular:

1. Kristof Atanqana

36. Elməddin Sultanov

7. Ehtiram Şahverdiyev

6. Kamal Mirzəyev

88. Gülağa Əsədov

18. Mehrac Baxşalı

20. Rauf Rüstəmli

Baş məşqçi: Elmar Baxşıyev

Digər Xəbərlər
Xəbər Lenti