«Qəbələ» istəklidir. Oynamağa və qazanmağa.
Heç bir bəhanənin arxasına sığınmır, açıq futbol təklif edir.
Ötən həftə «Neftçi»ni niyyətləri ilə tanış etdilər, bu dəfə də «Keşlə»ni.
Elmar Baxşıyev futbolçularına sərbəstlik verib. Onları sıxmır, incitmir.
Baxışları, ola bilsin ki, dili ilə sərəncamındakılara «necə bacarırsız, onu da oynayın, qorxmayın» söyləyir.
Baş məşqçinin duruşundan yağan bu rahatlıq komandasına elə ləzzət edir ki… Ləzzətli də futbol sərgiləyirlər. Vurduqları qolları qoy qarşına, təkrar-təkrar izlə, doymazsan.
Rüfət Əhmədlini «Neftçi» almaq istəyirdi. Keçid üçün 150 min manat ödəməyə hazr idilər.
«Qəbələ»nin böyükləri oturub nə fikirləşdisə, 150 mini əllərinin arxası ilə yana itələyib, akademiyanın yetirməsini daha bir müddət saxlamaq qərarı verdilər.
Bilmirəm, bu gənc müdafiəçi sentyabrın əvvəlində «Neftçi»nin yolunu tutacaq, yoxsa qışadək, yaxud gələn ilin yayınadək burada qalacaq, amma həqiqətən o, istedaddır, yaxşı gələcək vəd edir.
İlk qolun ötürməsini zərgər dəqiqliyi ilə verdi, Yaovi Akakponun «qayçı» vuruşu onu daha də gözəl etdi.
«Qəbələ» nəticəyə oynayan futbolu ilə gözdən yuxu tökmür. Qol epizodlarına girir, daim fərqlənməyə can atır.
Bununla bərabər, müdafiədə də açıqlar verir. Elmar Baxşıyev arxa xətdəki boşluqları da aradan qaldra bilsə, bu «Qəbələ»yə zaval yoxdur, mövsümü sabit keçirəcək.
KAMİL

